Kərkükdə bundan sonra nələr olacaq? - Politoloqdan açıqlama

Xəbər verdiyimiz kimi, İraq ordusunun gecə saatlarında Kərkükü Peşmərgədən geri almaq üçün başladığı hücumlar Türkmən qəsəbələri Tazehurmatu və Tuzhurmatu ətrafında daha da genişlənib.

Yerli qaynaqlar bildiriblər ki, ordu birləşmələri tanklar və ağır silahlarla Taze qəsəbəsinə girməyə hazırlaşırlar. “Reuters” xəbər agentliyinin məlumatına görə, ABŞ tərəfindən təlim keçirilən elit İraq əsgərləri də əməliyyatda iştirak edir. Cəbhədəki qarşıdurmanı canlı yayımlayan İraq dövlət televiziyası bildirib ki, neft sahələrini əhatə edən böyük ərazi Peşmərgədən geri alınıb. Televiziyanın sağ tərəfində “Bizim hədəfimiz Kərkük xalqının təhlükəsizliyidir” yazısı qeyd olunub.

Kərkükdəki türkmən jurnalist Zülfiqar Kərküklünün Metbuat.az-a verdiyi məlumata görə, bu dəqiqələrdə İraq Ordusu Kərkükdəki ən böyük hərbi baza olan “K1”-i ələ keçirib.

Qeyd edək ki, türkmənlər, ərəblər və kürdlərin birgə yaşadığı Kərkük şəhərinin mübahisəli referenduma daxil edilməsi, qarşıdurmanın yaranmağına səbəb olub. Bağdad rəhbərliyi, Şimali İraq Kürd Muxtariyyətinə verdiyi müddət bitdikdən sonra, Peşmərgəyə qarşı hücuma keçib.

Bundan sonra, mübahisəli ərazilərlə bağlı gözlənilən proses necədir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, Kərkük heç vaxt Kürdüstanın ərazisi olmayıb:

“Kürdüstanın ən yüksək muxtariyyəti olanda belə, bu ərazinin onlara aidiyyəti olmayıb. Peşmərgə qüvvələri İŞİD-ə qarşı mübarizə adı altında məhz, Kərkük və Səncəri ələ keçiriblər. Kərkükdə böyük neft və ümumiyyətlə, karbohidrat yataqları olduğuna görə, hər bir dövlət oranı ələ keçirməyə çalışır. Orada Rusiyanın da neft marağı var, eyni zamanda Türkiyənin də marağı var. Kürd muxtariyyətinə satılan neftin əsas faizi məhz, Kərkükün ərazisindədir. Kərkükə iqtisadi baxımdan maraq çoxdur, ona görə də o ərazidə hərbi əməliyyatların keçirilməsi gözlənilən idi. Əsas məsələ bundan ibarətdir. Digər tərəfdən İraq ordusu öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Bərzani rejiminə qarşı bu mübarizəni aparacaq. Onlar öz ərazilərini Bərzaniyə verməyəcək ki, o ərazidə müstəqil “Kürdüstan dövləti” yaratsın”.

- Mübahisəli ərazilərdən sonra, İraq ordusunun kürd muxtariyyətinə daxil olan ərazilərə hərbi müdaxiləsi mümkündürmü?

"Kürdüstan Şimali İraqda ən yüksək muxtariyyətə malik bölgə olub. Öz büdcəsi, parlamenti, Peşmərgə adlandırılan ordusu olub. Onlara artıq ən yüksəl muxtariyyət verilmişdi. Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumu keçirdikdən sonra artıq bu, İraqın ərazi bütövlüyünü pozmaq deməkdir. İraq bununla heç cür razılaşa bilmir. Onlar suverenliyini bərpa etmək üçün Konstitusiya hüquqlarından istifadə edəcək".

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI