Bərzani Kərkükdə alovla oynayır

Kərkük, Sincar, Tuzhurmatu, Hanekin və digər bir çox əhəmiyyətli bölgələri bir neçə saat içərisində itirən Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani məğlubiyyəti unutdurmaq üçün nümayişlər təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Kərkükdəki kürd məhəllələrində yaşayan sakinlər Bağdad rəhbərliyi əleyhinə etiraz aksiyaları keçiriblər. Bərzaniyə yaxın “Rudaw” televiziyası iki məhəllənin yenidən Peşmərgənin nəzarətinə keçdiyini iddia edib. Kürd gənclərdən biri televiziyada mərkəzi rəhbərliyə qarşı təhdidlər səsləndirib. Sosial mediada yayılan videolarda Kərkük küçələrindəki nümayişlərdə PKK lehinə şüarlar səsləndirildiyi eşidilir.

Anadolu Agentliyi isə Kərkükdə Türk bayraqları ilə sevinc nümayiş etdirən türkmənlərin fotolarını paylaşıb. Küçələrdə türkmən və İraq bayrağını daşıyan çoxlu sayda gənclər görünür.

Hanekində də nümayişlər keçirilib. Haşdi Şabi qüvvələrinə qarşı etirazlar artdığına görə, müvəqqəti olaraq küçəyə çıxmaq qadağası qoyulub. İraq Ordusu və Haşdi Şabi qüvvələrinin paytaxt Ərbil ətrafında gəzməsi isə şəhər sakinlərini qorxuya salıb. Ərbilin ən işlək küçələrindən biri olan İskanda şəhər sakinləri yürüş keçirib. Avtomat silahlardan havaya atəş açan etirazçılar əllərində Peşmərgə bayraqlarını tutublar.

Peşmərgə qüvvələri İraq baş naziri Heydər əl-İbadi ilə Haşdi Şabiyə qarşı təhdidlər səsləndirən qüvvələri havaya atəş açdıqları üçün saxlayıblar.. Bağdadda isə fərqli nümayişlər keçirilib. “Reuters” xəbər agentliyi mərkəzi hökumətin yenidən Kərkükə nəzarət etməyini qeyd edən insaların fotolarını paylaşıb.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalında baş verən müstəqilliyə dair mübahisəli referendum Bağdad və Ərbil arasında böyük gərginliyin yaranmasına səbəb olub. Referendumun nəticələrini tanımayacağını bəyan edən rəsmi Bağdad isə bazar ertəsindən başlayaraq, mübahisəli bölgələrlə bağlı hərbi əməliyyata başlayıb.

Xatırladaq ki, 2014-cü ildə İŞİD terrorçularının hücumlarını fürsət bilən kürd regional hökumətinin rəhbəri Məsud Bərzani Kərkük, Sincar, Mahmur və digər mübahisəli bölgələri ələ keçirmişdi.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR