Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaniyə aid nəşr orqanları Kərkükdə bəzi məhəllələrə nəzarətin Peşmərgəyə keçdiyini desələr də, beynəlxalq agentliklərin Ərbil ətrafından çəkdiyi fotolar bunun əksini deyir.

Metbuat.az-ın məlumatına görə, Peşmərgə qüvvələri dünən gecədən bəri Ərbilin girişində müdafiə xətti qurublar. Amerikanın “Associated Press” (AP) xəbər agentliyinin fotomüxbiri Xalid Məhəmməd, İraq ordusunun hücumunu əlləri tətikdə gözləyən Peşmərgələrin fotosunu çəkib. Bundan başqa, qazılmış xəndəklər də diqqət çəkib.

Hərbi gərginlik səbəbindən Ərbil-Kərkük yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıb və uzun tıxac yaranıb. Yolda yalnız Kərkük seriyalı avtomobillərin keçməyinə icazə verilir. Türkiyədən və Kürd Muxtariyyətindən gələn tırlar müvəqqəti olaraq dayandırılıb.

Bir gün ərzində Kərkük, Sincar, Tuzhurmatu, Hanekin və digər nöqtələri Bərzanidən geri alan İraq ordusu və Haşdi Şabi Ərbil ətrafındadır. Ərbilə hücum ediləcəyindən qorxanlar, dünən axşamdan bəri şəhər küçələrində nümayiş keçirir və avtomat silahlardan havaya atəş açır.

Günay Elşadqızı \ METBUAT.AZ