Monika Belluççinin portretini çəkən azərbaycanlı rəssam: "Çılpaq rəsmini çəkməyimi istədi, mən də..."

Monika Belluççinin portretini çəkən azərbaycanlı rəssam: "Çılpaq rəsmini çəkməyimi istədi, mən də..."
15:23 23 Oktyabr 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

(İKİNCİ HİSSƏ)

O, Papanın ayağı altına Qarabağ xalçasını sərən sənətkardır.

O, Kraliça Yelizavetanın otağına Azərbaycan bayrağını "sancan" ilk və hələlik son vətəndaşdır.

O, “Minilliyin adamı”dır.

O, xristianlara Quranı İncildən yuxarıda göstərən kosmopolitdir.

O, Monika Belluçinin portretini çəkməyə sifariş alan azərbaycanlıdır.

O, “Adəm və Həvva” mövzusunda inqilab edən yeganə rəssamdır.

O, dünyada şəxsi ev muzeyi olan rəssamlardandır.

Publika.az YUNESKO Rəssamlar İttifaqının fəxri üzvü, azərbaycanlı rəssam Sakit Məmmədovla müsahibəni təqdim edir.

- Monika Belluççinin portretini çəkməzdən öncə onunla tanışlığınız var idi?

- 2002-ci ildə 14 italiyalı rəssamla birlikdə Avropanı əhatə edən böyük bir sərgi keçirdik. Daha sonra Belçikada təşkil olunmuş sərgidə 1-ci yerə layiq görüldüm. Sonra şöhrətim artmağa başladı və mən San-Marinoya getdim. Bu cırtdan dövləti iki kapitan idarə edirdi. Monika Belluççini çəkməyi onlar mənə sifariş vermişdilər. Daha öncə isə Papanı çəkməyi rica etmişdilər. Düzdür, Papanın portretini çəkdim, ancaq onlara vermədim. Çünki onlar əsəri öz adlarından təqdim edəcəkdilər və mən də, vətənim də kölgədə qalacaqdıq. Təklif etdilər ki, əsəri dünya azərbaycanlılarının adından təqdim edək. Mən yenə razı olmadım. Düşündüm ki, Azərbaycan dövləti adından verilsə, daha yaxşı olar. Çünki dünya azərbaycanlıları demək, Azərbaycan demək deyil. Ancaq bu formada vermək “mənim dövlətim və hökumətim var” anlamına gəlirdi.

Monikanın portretini iki dəfə çəkmişəm. Biz onunla Monako krallığında görüşəcəkdik. Ancaq iş elə gətirdi ki, II Yelizaveta ilə görüşmək təklifi aldım. Ona görə də Monika ilə görüşə bilmədik. Ancaq biz bir daha görüşəcəyik və mən onun portretini özünə hədiyyə edəcəm.

- Çox sevdiyim bir rəssam var - Modilyani. O, həyat yoldaşının portretini yaradarkən gözlərini çəkməyib və bu məşhur cümləni söyləyib: “Ruhunu gördüyümdə gözlərini də çəkəcəyəm”. Bəs siz Monika Belluççini çəkəndə nə hiss edirdiniz?

- Monika gözəl qadındır. Ancaq gözəllik anlayışının çərçivələrini insanlar qoyub. Bəlkə də elə qadın var ki, siz ona Monikadan daha gözəl deyə bilərsiniz. Yəni, gözəllik nisbi və fərdidir. Monika gözəldir. Ancaq onu daha da gözəl edən insanların haqqındakı tərifləri, onu bütləşdirməsidir.

Hərdən düşünürəm, kaş ki, belə gözəl qadınlar olduğu kimi qalaydı. Heç dəyişməyəydi.

Monika gözəldir. Ancaq həm də bədbəxtdir. Çünki belə qadınlar əksər hallarda ətrafdakılar tərəfindən bir əşya kimi istifadə edilir. Bütün varlı, şöhrətli insanlar onları əldə etmək istəyir. Buna görə də Monika və onun kimilər dünyada gün görməyib. Onda ruh qalmayıb.

- İndi münasibətiniz varmı onunla?

- Mən hara, o hara...

Ancaq mən ikinci dəfə onun portretini çəkmək sifarişi aldım. San-Marinonun kapitanı məndən onun çılpaq portretini çəkməyimi istəmişdi. Sonra bəzi problemlər oldu, vaxt uzandı. Kapitan dedi ki, onun fotosunu verək, oradan baxıb çəkərsən. Mənsə razılaşmadım. Çünki birinin izni olmadan onu çılpaq çəkmək düzgün iş deyil.

- Ancaq onun “nude” portretini çəkməyə razılıq vermişdiniz?

- Bəli. Niyə çəkməyim? Mən rəssamam. Özünün razılığı olsaydı, çəkərdim. Ancaq kimsə sifariş verir və onun icazəsi olmadan portretini çəkdirirsə, bunu doğru hərəkət hesab etmirəm.

- Bəs Azərbaycan tarixindən gəlib-keçmiş məşhur şəxsiyyətlərdən kimin portretini çəkmək istəyərdiniz?

- Hələ ki, Dədə Qorqud və Şah İsmayıl Xətainin portretlərini çəkmişəm. Ancaq çəkməyi çox istədiyim bir sima var idi. Lütfi Zadə. Onu çəkə bilmədiyimə çox peşman oldum. Onunla görüşmək planımda var idi. Sadəcə günü-günə satdım. Onu çəkməyi, həqiqətən, çox istəyərdim. Çünki o, dişi, dırnağı və dərrakəsi ilə çox böyük yerlərə gəlib çıxmağı bacarmış şəxsiyyətdir.

Vaqif Mustafazadəni də çəkmək çoxdankı fikirlərimdən biridir. Bunun üçün bir az hazırlıq da görüb, eskizlərini çəkmişəm. Ancaq rəssamlıq işi insandan aylarla vaxt tələb edir. Buna görə də iş uzanır.

- Hətta qalereyanızda onun royalı da var...

- Bəli. Qızı Əzizə Mustafazadə qalereyaya gələndə royalı gördü və kövrəldi. Ancaq “axır ki, o, layiqli yerini tapıb” dedi. Vaqifin məncə ayrı yeri var. Deyərdim ki, o bizim pasportumuzdur. Başqa bir ölkəyə gedəndə onun adını çəkib, həmyerlisi olduğunu deməyimiz bizə bəsdir.

Bundan başqa, çox sevdiyim şair Bəxtiyar Vahabzadənin portretini yaratmaq istərdim. Ancaq yaşım buna imkan vermədi.

- Luvr Muzeyində sərgilənmək necə hissdir?

- Qısa bir misal çəkim. Hər kəs dünyanın ən möhtəşəm sarayında toy edə bilər. Ancaq, əlbəttə ki, əsas olan onun içində xoşbəxt anlar yaşaya bilməkdir. “Luvr”da hamı sərgilənə bilər. Əsas olan nə göstərdiyindir.

- Geniş və dərin mütaliəniz var. Sizin həyat və yaradıcılıq fəlsəfənizə kimlərin təsiri olub?

- Qızı Karl Marksdan soruşur ki, mən filosof olmaq istəyirəm, kimi oxuyum? Marks da deyir ki, kimisə oxumaq lazım deyil. Sənə sadəcə sənət adamlarının mühitində olmaq bəs edəcək. Çünki onlar hər şeyi olduğu kimi, çılpaq və bəzəksiz görürlər. Filosoflar ağılla düşünür, fikirləri terminlərlə bəzəyirlər. Halbuki, öz həyatları fikirlərindən çox-çox uzaqdır. Ancaq, məsələn, rəssamlar gördüyünü görmək istədiyi formada və ya bütün çılpaqlığı ilə yansıdırlar.

Nizamini çox mütaliə etmişəm. Nəsiminin yaradıcılığı ilə 14 il maraqlanmışam. Ondan saatlarla danışa bilərəm. Füzulidən də müəyyən şeylər götürmüşəm. Ancaq mən ədəbiyyatı da milli, xarici olaraq ayırmıram. İnsan haradan bəhrələnə bilirsə, demək o, özününküdür.

- Qarşımda Papanın portretini görürəm. Ayağının altında Qarabağ xalçası, yanında 4 müqəddəs kitab, ən üstdə də “Qurani-Kərim”. Papanın ayağı altına Qarabağ xalçası sərmək ideyası necə yarandı?

- Mən kimliyindəm fərqli olmadan dünyaca məşhur insanların portretini çəkərkən mütləq oraya Azərbaycandan bir element əlavə edirəm. Papa ilə 3 dəfə görüşmüşəm. Bu zaman onun ayağının altındakı gözəl xalçalar diqqətimi çəkdi. Təbii ki, bu, Qarabağ xalçası deyildi. Onu da əlavə etməyimin səbəbi Qarabağ sözünün orada səslənməsini istəməyim idi. Çünki mən Qarabağı Azərbaycanın paytaxtı hesab edirəm. Yəni, ürəyi...

Kitablara gəldikdə isə əslində, Papanın stolunun üstündə xaç var idi. Mən də xaçın yerinə 4 müqəddəs kitabı qoydum. Çünki çatdırmaq istədiyim ideya var idi: təkcə xaça deyil, Allahın 4 müqəddəs kitabına inanmaq lazımdır.

İngiltərə kraliçası ilə görüşəndə ona “Cıdır düzü” əsərini hədiyyə etdim. Mən onun portretini də çəkib apara bilərdim. Çünki kimsə mənə göstəriş verməmişdi ki, məhz bunu çəkməlisən. Ancaq mən Qarabağı bütün atributları: Cıdır düzü, süfrəsi, atları, xarı bülbülü və mrəkəzdə bayrağımız ilə təsvir etməyi üstün tutdum. Beləliklə, əsərim Vindzorun sarayında “Azərbaycan, Qarabağ” adı ilə asıldı. Bununla da İngiltərə sarayında Azərbaycanın bayrağı sancdım. Bu çox önəmli hadisədir. Çünki bəzən 1 insan 1 milyon insanın edə bilmədiyi işi görür. Ona görə də sənətçilərin, rəssamların, şairlərin sənətinin və şəxsiyyətinin gücündən istifadə etmək lazımdır.

- Bir az da musiqidən danışaq.

- Danışaq.

- Ya bəlkə musiqi özü danışsın?

- Bilirsiniz, musiqi mənim üçün təkcə səsdən ibarət deyil. Musiqi mənim üçün xatirədir, yaddaşdır. Məsələn, maşınla gedəndə hər zaman 70-88-ci illərin musiqilərini dinləyirəm. Çünki mən özümü hələ də orada hiss edirəm. Ən çox Flora Kərimova dinləyirəm. Mənə görə Flora Azərbaycan musiqisinin zirvəsini fəth etmiş səsdir. Oqtay Ağayevi də çox dinləyirəm. Ancaq işləyərəkən onların heç birini dinləyə bilmirəm. Çünki bütün fikrim musiqiyə köklənir və işləməyi unuduram. İşləyərkən daha çox klassik musiqi- Vivaldi, Motsart dinləyirəm.

Yeri gəlmişkən, “Motsart haqqında düşüncələrim” adlı əsərimə görə Avropa Akademiyası məni “Motsart” medalı ilə təltif edib. Bundan başqa, “Bethoven” mükafatı da almışam.

Sizə bir sirr də açım. Daha öncə heç yerdə bunu qeyd etməmişəm. Avropa Akademiyasının sifarişi ilə təsis edilən “Leonardo Da Vinçi” mükafatına layiq görüldüm. Daha sonra “Motsart” və “Bethoven” mükafatlarını aldım. Bu mükafatlar incəsənətin ən nüfuzlu təltifləri kimi eyni seriyada yer alıb. Və həmin seriyada mənim adıma orden buraxıldı. Dekabr ayında Almaniyada həmin mükafatın təqdimat mərasimi keçiriləcək. Hələlik 40 orden buraxılıb. Bu mükafat “ən ali xidmətlərə görə” istənilən ölkənin incəsənət xadimlərinə veriləcək. Bununla yanaşı, mənim adıma marka və gerblər də mövcuddur.

- Bizim toxunmadığımız, ancaq danışmaq istədiyiniz hər hansı mövzu varsa, buyurun.

- İnsanlar sonuncu yüzildə Yer kürəsini çox yordular. Onun neftindən, təbii ehtiyatlarından görməmiş kimi istifadə etdilər. Yer də yorulmağa, kiçilməyə başladı. İnsan nəyi ixtira etdisə, sonradan onun üstündə müharibə etdi. Sərhədlər kəşf olundu, pul yarandı. Hamısı da insanın bir-birinə olan inamsızlığından. Pul bərəkət deyil. Çünki o, yeyilmir. Bərəkət insanın ruzisidir. O ruzi ki, insan doğulanda Allah ruzini onunla birlikdə göndərir – ana südü.

İnsanların bir-birinə olan inamsızlığı azmış kimi, bir də Yer kürəsini doğram-doğram edib hər tərəfə sərhəd çəkdilər. Ona görə də heç kim təbiətin nemətlərindən doğru-dürüst istifadə edə bilmədi. Hələ üstəlik, dil ayrı-seçkiliyi üstündə düşmənçilik etməyə başladılar. Bir millət hər hansı bir sözü istifadə etməyə başlayan kimi millətçiliyi ortaya atdılar. Halbuki dilin ilkin məqsədi insanın fikrini çatdırmaqdır. Dünya üçün insanın hansı dildə danışması deyil, hansı fikri ifadə etməsi önəmlidir.

Bu yorğun Yer kürəsini sadəcə gələcək nəsil yaxşılaşdıra bilər. Mən gənclərimizi həyatsevər görmək istəyirəm. Sevgi dolu görmək istəyirəm. Elə sizin kimi. Sizi mən maraqlandırmıram. Sizi buraya gətirən incəsənətə, həyata, xalqa və vətənə olan sevginizdir.

Yer kürəsinə baxarkən bizim hamımız üçün tək bir işıq görünür. O da Azərbaycanın işığıdır.

MÜSAHİBƏNİN BİRİNCİ HİSSƏSİNİ OXUMAQ ÜÇÜN KLİKLƏYİN

Zümrüd

Foto: Elnur Muxtar


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/xususi/218045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR