Bu günlərdə Nizami Gəncəvi ilə Cəlaləddin Rumi haqqında bir yazı yazmaq üçün işin qaydasına uyğun olaraq hər ikisinin internetdən PORTRETLƏRİNİ axtarmalı oldum. Təbii ki, onların müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretlərinə rastladım və istifadə etməli oldum. Aşağı-yuxarı eyni və yaxın dövrün yaradıcı şəxsiyyətləri kimi ədəbiyyatımıza daxil olmuş bu qələm adamlarının yanbayan simalarına diqqət kəsildiyin zaman, bir çox özəlliklər, fərqliliklər üzə çıxası oldu. Hansı ki, yaradıcılıq və zaman baxımından bu sənətkarlar o qədər də bir- birinə əlı yetməyəcək xarakterik fərqliliklər daşımır. Sadəcə işin gerçəklərini dərindən analayanlar bilirlər ki, bu adları zikr edilən mütəfəkkirlərin hər biri öz çapında ağırlığa sahibdirlər. Gələk məsələnin məğzinə.
Məni bu yazıda maraqlandıran yalnız bu iki şəxsiyyətin portretlərindəki fərqliliklər və anladığım yönləridir. Nizami Gəncəvi Azərbaycan türklərinin ərazisində doğulsa da, türk kimlikli fars dilli bir sənətkardır. Onun geniş anlamda götürdüyündə başqa bir milli mənsubiyyətə sahib ola-ola fars dilnində yazıb yaratması yaradıcılığına o qədər də xələl gətirəcək nüanslardan deyildir.(Könül istərdi ki, o da Yunus İmrə kimi türkcəmizdə bu ölməz əsərlərini ərsəyə gətirərdi.) Yaradıcılığının yönü və yöntəmi türk təfəkkürünün metafizik əxlaq üzərindən bütün zamanlara və bütün irqlərə xitab edəcək ədəbi-bədii boyutlarıyla dünya ədəbiyyatına meydan oxuma səriştəsidir. Eləcə də eyni metafizik və ədəbi-bədii əxlaq sistemini yaradıcılığında ƏN ÜST poetik müstəviyə yüksəldən Mövlana da bir söz adamı kimi bütün zamanlara və bütün qövmlərə üzünü tuta biləcək ədəbi səriştəyə sahibdir.
Nizami Qafqaz coğrafiyasında doğulub böyüyüb. Mövlanə Osmanlı imperiyasının sərhədləri daxilində, anadoluda dünyaya gəlib. Hər ikisi eyni elm və sistem üzərindən təhsil mənimsəyiblər. Hər ikisi olduqca güclü dini dünyagörüşünə və dönəmi üçün (çağımız baxımından heç də kökdən düşməyən) öz fəlsəfi istiqamətini qətiyyən azaltmayan müstəsna dini təriqət sistemi içərisində həyat sürmüş kişilərdir. Hər ikisi olduqca mükəmməl irşad olunmuş və bəlli bir məqama yüksəlmiş insanlardır. Yaradıcılıqlarında metafizik təmayüllü fəlsəfi inanc sistemi öz əksini onların hər birinin özünə məxsus cizgiləri, yaradıcı qaydaları, kuralları çərçivəsində tarixiləşərək hələ də zamana daş çıxardır, anlayanları, dərk edənləri heyrətə salır.
Nizami Şeyx məqamına kimi yüksələ bilmişdir. Mövlanə də bu məqama yüksəlmiş zatdır. Hər iksinin yaradıcılığında bu nüanslar poetik özəllik olaraq bütün keçidləriylə öz əksini tapmışdır.
Onlar dil olaraq farsca yazıb yaradıb. Yaradıcılıqlarının gerçək poetik fəlsəfi mahiyyəti ondan ibarətdir ki, bu bədii mətnləri heç bir dilin təfəkkür qaydalarına, sistemlərinə mal etmək mümkün deyildir. Hər ikisinin bədii ifadə gücü yazdıqları dilin qabsamından, kapasitəsindən dəfələrlə ucadadır və qüvvətlidir. Məsnəvi janrından istifadə edərək öz fəlsəfi-bədii dünyagörüşlərini ifadə etmişlər.
Hər iki sənətkar dönəmlərinin şahları, padişahları ilə üz-üzə gəlib onlarla dialoq halında olmuşlar. Onların çevrəsində öyrənən, təhsil əldə edən, bəlli bir həyat tərzi keçirən insan toplusu mövcud olmuşdur. Bunu biz hər ikisinin mənsub olduqları anlayışlarının həyata bağlı yönlərindən heç bir çətinlik çəkmədən və həm də dövrün tarixi məlumatlarından da anlayırıq. Nizami əxilik təriqətinə, Mövlanə isə mövləviliyə xidmət etmişdir.(Baxmayaraq ki, bu təriqətlər və onların yaranması, keçdikləri tarixi yol ayrı yazının mövzusudur.)
Bütün bu eyniliklər varkən, görəsən Nizaminin və Mövlanənin bizlərə məlum və tanış portretlərindəki bu qədər fərqliliklər, bu qədər uzaqlılıqlar, bu qədər tərs mütənasiblik sağlayan məqamlar hardan və necə peyda olmuşdur?
Nizamini çəkən rəssam elə biləsən ki, Süleyman Rüstəmi, Əliağa Vahidi, Pablo Nerudanı, Nazim Hikməti, Mayakovskini də “eyni enerji axınıyla “ çəkib. Nizaminin rəsminə, elə heykəlinə də baxan adam elə zənn edəcək ki, bu Nizami Gəncəvi 12-13-cü əsrdə yaşasa da, bu adamın Mirzə Fətəli Axundovdan heç bir fərqi olmayıb. Sanki bizim klassik sənətkarlarımızın hər birini Axundovun rəsminə baxıb portretini yaradıblar. Yəni, bütün klasssik sənətkarlarımızın bəlli simalarını Axundovun rəsminə nisbətdə ərsəyə gətiriblər. Mən inanmıram ki, “Xəmsə” kimi bir külçəni, ölməz mənəvi xəzinəni bəşəriyyətə hədiyyə edən portretindəki kimi bu qədər eqoist, bu qədər sarsılmaz, əyilməz, bu qədər ətrafa meydan oxuyan, bu qədər çölə, ətraf mühitə qarşı hikkəsini içərisində gizləyən birisi olsun. Mənə elə gəlir ki, kim olursa olsun, Nizami Gəncəvinin portretini işləyən rəssamın Nizami yaradıcılığından bilmərrə xəbəri olmayıb. Ən azından bu portreti işləyən rəssam bilməliyidi ki, Nizami kimi bir yaradıcı dünya görüşünə sahib bir şəxsiyyətin nə üz-göz, burun, qaş, ümumilikdə görüntüsü “kvadrat,düzbucaq sisteminin “ məhsulu ola bilməzdi. Nizami və Mövlanə yaradıcılığı bucaqlar deyil,” dairə, çevrə, kürə əxlaqı” üzərində intişar tapmışdır. Ancaq yuxarıda Nizami haqqında söylədiklərimi Mövlanənin portreti barəsində söyləmək mümkün deyil. Hər bir işin içində min detal olar, bir həqiqət. Bütün bu minlər də o bir zərrənin üzərində qurulur .Mövlanəni çəkən rəssam dərk edib ki, onun nə dönəmi, nə yaşadığı mühit, nə dünyagörüşü, nə coğrafiyasından irəli gələn gerçəklər, Mövlanəni Nizamini sovet rəssamının çəkdiyi kimi bucaq altında qoya bilməz və bu yanaşma olduqca yanlışın yanlışıdır.
Lütfən, Mövlanənin portretin diqqət kəsilin və onun baxışlarından, duruşundan, və bütün cizgilərindən asılmış dairəni, çevrəni, kürəni görün. Görün bu dairə, çevrə, kürə sistemi nədir, bu kvadratlıq, düz bucaqlıq anlayışı nədir.
Bütün bunlar onu göstərir ki, təməldə də eyni dünyadərkinə sahiblənmiş bir millətin sənətkarlarından biri Türkiyədə dərk olunur, anlaşılır, həzm edilirsə, digəri Azərbaycanda anlaşılmır, dərk olunmur, hələ də həzm edilmir.