“Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək” - Bakı-Tbilisi-Qars

Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Açılış mərasimində çıxış edən prezident İlham Əliyev bir sıra vacib məqamlara toxunub. Bunlardan biri də, sabitlik və təhlükəsizliklə bağlı məsələdir. Prezident çıxışında qeyd edib ki, bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək: “Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

Açıqlamanı Metbuat.az-a şərh edən politoloq, BMAM sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycan, böyük neft və qaz layihələrindən sonra, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə çox böyük tarixi hadisəyə imza atdı:

“Bu açılışda təbii ki, cənab prezidentin çıxışı çox önəmli idi, dövlət başçısı bu çıxışında çox vacib məqamlara toxundu. Həmin məqamlardan biri də məhz sizin də qeyd etdiyiniz kimi, sabitlik və təhlükəsizlik məsələləridir. Əlbəttə ki, hər bir layihənin həyata keçirilməyində Azərbaycanla bərabər, müxtəlif ölkələr də iştirak edir. Bu layihənin həyata keçməyində region ölkələri – Azərbaycan, Gürcüstan, Türkiyə çalışıb. Artıq Qazaxıstandan, Özbəkistandan gələn nümayəndələr, Avropa ölkələri gələcəkdə bu dəmir yoluna qoşulacaqlarına bəyan ediblər. Bu, eyni zamanda bilirsiz ki, Asiya ilə Avropa arasında körpü rolunu oynayan ən qısa xətdir. Yüklərin Asiyadan Avropaya, Avropadan da Asiyaya daşınması nəzərdə tutulur. Bu layihə çərçivəsində həmin ölkələrə turist axınının olacağı və dəmir yol xəttindən istifadə edəcəyi gözləniləndir. Əlbəttə ki, bütün bunlar, xüsusilə də yükdaşımalar, ticarət sahəsində ediləcək əməkdaşlıq dəmir yolunun təhlükəsizliyinə əsas verir. Eyni zamanda, həmin ölkələr üçün bu xəttin üzərindəki dövlətlərdə təhlükəsizlik və sabitliyin mövcud olması prioritet məsələlərdən biridir. Çünki bu ölkələrdə təhlükəsizlik və sabitlik olmasa, dəmir yolunun taleyi də əlbəttə ki, təhlükə altında olardı. Cənab prezident bu baxımdan qeyd edirdi ki, məhz bu kimi böyük layihələrə imza atan ölkələrin təhlükəsizliyi bütün dünya ölkələri üçün əsas məsələlərdən biridir, xüsusilə də Azərbaycan, Gürcüstan və Türkiyənin təhlükəsizliyi. Bizim neft-qaz layihələrimizin təhlükəsizliyi baxımından bütün beynəlxalq təşkilatlar, şirkətlər ölkəmizdə sabitlik istəyirlər, hər zaman müharibəni inkar edirlər, bu baxımdan Azərbaycanı sabit bir ölkə kimi təsəvvür edirlər və bu, həqiqətdə də belədir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra da, bütün beynəlxalq ticarət şirkətləri, beynəlxalq qurumlar, ölkələr bu ərazidə, dəmir yolunun keçdiyi ölkələrdə sabitlik və təhlükəsizliyin möhkəm olmasında daha da maraqlı olacaqlar”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı