"Azərbaycanın gördüyü işləri Aİ yüksək qiymətləndirib"

“Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda keçirilən beynəlxalq forumda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov deyib.

PA rəsmisi çıxışında deyib: ““Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənir”.

Əli Həsənov bildirib ki, 2007-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində mühüm addımlardan biri olub: “Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan yalnız Aİ-nin enerji təminatı və təhlükəsizliyi baxımından, habelə "Qonşuluq siyasəti"nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur. Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq”.

Əli Həsənov təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: “Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər. Çıxışımın sonunda bildirmək istərdim ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir. Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.

"Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır” - Əli Həsənov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR