Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (149-cu say) təqdim edir.

Model-aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibə verib. Deyib ki, türk kişilər romantik və səmimidirlər, Azərbaycan kişiləri kimi deyillər. Azərbaycanlı kişiləri isə kobud, bir az da köhnə fikirlidirlər, türk kişiləri kimi romantik deyillər.
Pərvinin müsahibəsindən olan bu hissə iki gündür sosial şəbəkələrdə kişilərin narazılığına səbəb olub. Ardınca aktrisa daha bir açıqlama verib ki, yenə daş oldum düşdüm başınıza və sair. Yəni, necə deyərlər, sözünün üstündə durub.
Qulpqoyan dayı buradan mənə deyir ki, bala, mən cəhənnəm, heç olmasa bu cavan uşaqları gedib oralarda biabır eləməyəydin. Elə bu cümlələri yazanda dostum Məmmədin yazdığı status gözümə dəyir: "Pərvin Abıyevaya demək lazımdır ki, türk lirəsi xeyli dəyər itirib. Min manat min lirədən daha dəyərlidir".
Yəni, dostum bununla demək istəyir ki, pulu burada qazanırsan, burdakılardan qazanırsan, burada yaşayırsan, nöşün ordakıları tərifləyirsən? Hələ sən türklərin bircə dənə "bulki"sini yeməmisən, amma 27 ildir Azərbaycanın çörəyini yeyib, suyunu içirsən. Həm də ölkə əhalisinin 51 faizini kişilər təşkil edir ki, bu da təxminən 5 milyon kişi deməkdir. Bir qadın 5 milyon kişinin xarakterini hardan bilə bilər ki?
Mənim illərdir deyib, ancaq heç kimin vecinə almadığı sözü xalq artisti Fuad Poladov bir cümləylə ifadə edib: "Mədəniyyət və Turizm Nazirliyi adında qurum tanımıram, ancaq turizm var, mədəniyyət yox".
Bu cümlədən, daha doğrusu öldürücü zərbədən sonra nəyisə şərh etmək də çətindir. Ancaq məlumdur ki, sənətkar xərçəng xəstəliyindən əziyyət çəkir. Otellərin açılışına qaça-qaça gedənlər isə maddi sıxıntıdan əziyyət çəkən sənətkarlara nəinki baş çəkmirlər, heç veclərinə də almırlar. Belə olmasaydı, Rasim Balayev boyda sənətkar dilə gələrdimi? Adam dedi ki, aldığım təqaüd dərmana gedir. Əllərinin altındakı saytlar vasitəsilə xəbərlər yaydılar ki, guya kişi 3000 manat pul alırmış. Sadəcə, özü necə deyərlər, şadlığına şitlik eləyir.
Musa Musayev Təranə Qumralı canlı yayımda öpüb. Sonra deyəndə ki, duet ortaqları arasında nələrsə olur, camaat elə bilir ki, qərəzliyik. Sənin duet ortağınla nə işin var, a kişi? Xalxın qızını niyə öpersən canlı yayımda? Yox, "ayə hara gedirsən?" söhbətiylə səhv saldım deyəsən. Zarafat bir yana, Təranə Qumral demişkən, Musa müəllim qanlı açıqlamalar verib:
"Təranə desə ki, başını keçəllə, ol daz, başımı indi bu dəqiqə qırxdıraram. Təranə kimi istəsə, Allaha and olsun onu məhv edərəm, bu dəqiqə öldürərəm. Təranə də deyib ki, Musa istəsə oxumağın daşını ataram: "Bəli, oxumaram! Musa mənim etiketimdir".
Mən bilən "etiket" sözünün iki mənası olur. Biri hansısa məhsulun üzərində olan etiket, o biri də etiket qaydaları. O üçüncü nə söhbət idisə, mənə çatmadı. Bilən olsa, şərhə yazsın.
İki il əvvəl "Azdrama"da hər gün dava olurdu. Bir az sakitçilik yaranmışdı, amma, deyəsən, yenidən ara qarışıb. Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova bir-birlərini məhkəməyə veriblər. Söhbət də ondan başlayıb ki, Ramiz müəllim sosial şəbəkədə Əsədova haqda xoşagəlməz ifadələr səsləndirib. Siz də deyirsiniz ki, ay teatr belə, teatr elə. Teatr budur e, student qədeş.
Anar Nağılbazın da başı dərddədir. Keçmiş həyat yoldaşı deyib ki, uşaqlara aliment vermir. Anar da deyib ki, uşaqlar üçün verdiyim pulları bahalı butiklərə xərcləməsin. Məncə, keçmiş də olsa, ailəli olmuş şəxslər şəxsi məsələlərini mətbuat üzərindən həll etməməlidirlər.
Nigar Camal deyib ki, plastik əməliyyat qadını transseksuala oxşayır. Nigar bir məsəldə səhv edib. Əməliyyatsız filansız transseksuala oxşayan o qədər sənətçilərimiz var ki.
Milli.Az