Tramp sözünü tutmadı, Türkiyə hər an Afrinə girə bilər

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında verdiyi sözün üstündə durmayıb.

Metbuat.az-ın məlumatına görə, o, telefon danışığında “YPG-yə silah yardımı kəsiləcək” deyəndən 3 gün sonra Suriyanın şimalına doğru silahla dolu yük maşını göndərilib. Syria.liveuamap saytının xəbərinə görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), İraq sərhədindən Suriyanın şimalına təxminən 100 yük maşını göndərib. Yük maşınlarının PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG-nin Suriya Demokratik Qüvvələrinə (SDG) göndərildiyi deyilir.

Amerika Müdafiə Nazirliyi Pentaqon, PKK-nın Suriyadakı qolu olan YPG-yə silah dəstəyinin dayandırılmağı ilə bağlı açıqlama verməməklə yanaşı, terror təşkilatına silah göndərməyin yenidən qiymətləndirmə mərhələsində olduğunu eşitdirib. Pentaqon sözçüsü Erik Paho açıqlamasında deyib: “Kürd tərəfdaşlarımıza İŞİD-i məğlub etmək üçün göstərdiyimiz dəstək və hərbi ehtiyaclarla bağlı tənzimləmələri, sabitlik və terror təşkilatının geri dönə bilməməsi üçün yenidən nəzərdən keçiririk”.

Beynəlxalq agentliklər Pahonun açıqlamasını “İçində YPG-nin də olduğu Suriya Demokratik Qüvvələri (SDG) ilə iş birliyimizi davam etdirəcəyik” cümləsi ilə paylaşsalar da, sonradan açıqlama mətnində bu cümləyə rast gəlinməyib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin sözlərinə görə, Trampın sözünü tutmaması və ya tuta bilməməsi bir daha göstərdi ki, onun ABŞ-ın səlahiyyətli prezidenti olaraq, Amerika üzərində heç bir fəaliyyəti və səlahiyyəti yoxdur: “Çünki həmin telefon danışığında Amerika Birləşmiş Ştatları YPG-nin bir müttəfiq olaraq seçilməsinin və ona silah verilməsinin əzəldən yanlış olduğunu etiraf etmişdi. Bütün dünyanın gözünün içinə baxaraq bu cür etirafdan sonra yenidən PKK terror təşkilatının Suriya qolu olan PYD və YPG qüvələrinə 100 yük maşını silah göndərilməsi faktı göstərir ki, Trampın bir prezident olaraq nəinki öz Administrasiyası, hətta Pentaqon üzərində də heç bir təsir və sözünü keçirmə imkanları yoxdur. Buradan da hiss olunur ki, Pentaqon və digər güc mərkəzləri prezident Trampa nəyi təqdim edirlərsə, o da gözü yumulu, qeyri-iradi qəbul edir və icraata yönəldir. Bu artıq Amerikanın getdikcə bir dünya gücü olaraq beynəlxalq aləmdə imicini çox ciddi surətdə zədələyir.

İkinci məsələ, artıq beynəlxalq aləmdə PYD və YPG qüvvələrinin, PKK-nın Suriya qolu olduğu gerçəyini bilirlər. ABŞ-ın bir terror qrupuna yardım etməsi də düşünürəm ki, Amerikanın nüfuzunu çox ciddi surətdə sarsıdır. Ən nəhayət, artıq Türkiyə dövləti olaraq, eyni zamanda prezident Rəcəb Tayyib Ərdoğan bundan sonra bilməlidir ki, ABŞ prezidenti Donald Trampın heç bir sözünə nəinki güvənmək, eyni zamanda, bu yöndə onu müqabil olaraq seçməyin özü yanlışdır. Ona görə də Türkiyə artıq öz maraqları konteksində düşündüyü planları icra etməyə başlamalıdır”.

Politoloqun sözlərinə görə, ola bilsin ki, bu həftə ərzində Türkiyə ordusunun Afrinə yönəlmiş hərbi əməliyyatlara başlaması qaçılmaz olacaq: “Əgər ABŞ, YPG və PYD ilə bağlı sözünü tutmursa, demək, Türkiyə bilavasitə özünün qəbul etdiyi qərarların icraatına yönəlməlidir. Çünki Türkiyə və ABŞ prezidentləri arasında YPG-yə silahın dayandırılması ilə bağlı telefon danışığında bir şərtlə Afrinə hücum olmayacağı əsaslandırılıb ki, YPG və PYD-yə silah verilməsi nəinki dayandırılsın, eyni zamanda, indiyə qədər verilən bütün silahlar geri alınsın. Bu yerinə yetirilmədiyi müddətcə düşünürəm ki, Soçi zirvəsində Türkiyənin tərəfdaşları Rusiya və İranla razılaşdırılan Afrin əməliyyatına artıq başlamaq olar. Düşünürəm ki, Afrinə hər an ciddi müdaxilənin olacağını gözləməliyik. Təbii ki, Türkiyə öz təhlükəsizliyini özü qorumalıdır. Türkiyə, sərhədləri boyunca bütün əraziləri terrorçulardan təmizləməklə, həm Suriyanın bütövlüyünə, həm də öz təhlükəsizliyinə çox böyük töhfə verəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı