"Arvadımla aramda heç nə yoxdur"

Metbuat.az-ın budəfəki müsahibi müğənni-teleaparıcı Əli Mirəliyevdir.

Salamlaşan kimi gördük ki, əhval-ruhiyyəsi yüksəkdir. Biz də bundan istifadə edib, son günlər ortalıqda dolaşan söz-söhbətdən başladıq. Açığı düşünürdük ki, etiraf etməyəcək, bu qədər söz-söhbətdən sonra öncəki açıqlamalarını təkzib edəcək. Amma elə olmadı. Nəinki elə olmadı, hətta 70-in astanasında olan müğənni dediklərinin üstünə bir az da qoydu. Buyurun, öz dilindən eşidin.

- Əvvəlcə, necəsiniz, onu deyin? Əhvalınız necədir? Maşallah, günbəgün də cavanlaşırsınız? Bunun sirri nədir belə?

- (Gülür) Nə bilim, vallah. Yaxşıyam. Doğrudan deyirsiniz? Allah bəzən nə isə verir də insana.

- Tibbi araşdırmalara görə, insan sevəndə içində xoşbəxtlik hormonu daha da inkişaf edir. Və bu da insan üzündə əksini tapır. Yoxsa eşqə düşmüsünüz?

- Mənim sevməyən günüm olmayıb ki, həmişə sevmişəm. Yaradıcı insan sevməsə, yaşaya bilməz. Yadımdadır ki, cavanlıqda ilk səsyazmalarımda “Dan ulduzu”nun rəhbəri Gülarə Əliyeva deyirdi ki, oxuyanda həmişə sevgilin üçün oxuduğunu düşün. O vaxtdan başımda qalıb. Sevgilimi gətizdirirdim, otururdu qabaqda, ona baxıb oxuyurdum.

- Sizcə, əsl sevgi hansı yaşda olur?

- Təmiz sevgi erkən gənclikdə və yaşlı vaxtda olur. Mən bunu yaşamış adam kimi deyirəm. İndi əsl sevgi məndədi bu dəqiqə. Bilmirsən ölümünə nə qədər qalıb, ona görə insanda həyat eşqi çoşub-daşır. Adam daha çox yaşamaq istəyir.

- Baxın, yaşınız gedir, ancaq özünüz cavanlaşırsınız?

- Bir söz deyim. Bakıda mənim dövrümdə 2 müğənni yaxşı geyinirdisə, biri mən idim. Biri də Hüseynağa Hadıyev idi. Toya gedəndə hamı bizi izləyirdi.

- Belə çıxır ki, qızlar o dövrdə ətrafınızda çox dolanıblar.

- (Gülür) Yaxşı ki, o vaxt aparıcı olmamışam. Yoxsa qızların əlindən ölərdim. Həmişə ətrafımda qız çox olub. Elə indi də eləyəm.

- Belə çıxır ki, indi də sevgi təklifləri alırsınız?

- Bəs necə? Əlbəttə. Ona görə cavanlaşıram da. Bəs mən kimin üçün geyinib gəlirəm? Həmişə də formama diqqət edirəm. Bəzi müğənnilərin pencəklərinin yaxası bağlanmır. Səhnə belə şeyi sevmir axı. Biz böyük məktəb keçmişik. Həmin məktəbdir bizi cavanlaşdıran. Mənim sevgililərimin adlarını 12 vərəqli dəftərə yazsan, yer çatmaz. Elələri olub ki, adlarını da unutmuşam. Elə bu oturduğumuz yerlə üzbəüz binada sevgililərimdən biri yaşayırdı. Hər səhər çəkilişə gələndə onu xatırlayıram.

- Belə xatırlayansınızsa, vaxtında niyə onunla ailə qurmamısınız?

- Elə hər sevdiyini almazlar ki... Heç mənim yoldaşım ölsə, yenə də ailə qurmaram. Onu sevirəm e... ancaq doğmam kimi. Nəzərinizdə tutduğunuz sevgi yoxdur artıq. Ola da bilməz. Çəkinmədən deyirəm ki, təzə eşqə düşmüşəm.

- Yoxsa siz də ulduz xəstəliyinə yoluxdunuz? Bəs bu sevdiyiniz kimdir belə?

- (Gülür) Hə, elə öz mətbəximizdəndir. Bir şey deyim ki, bəzi insanlar efirdə bir cür, həyatda bir cürdürlər. Ancaq mən elə deyiləm. Necə var elə, sözümü də deməkdən qorxmuram. Bayaq da yoldaşım zəng edib söyür ki, o nədir demisən? Dedim ki, guya sən bilmirdin ki, mən səni sevmirəm?

- Niyə belə edirsiniz ki? Xanımın qəlbini qırırsınız axı...

- Mənə deyir ki, niyə belə şeylər edirsən? Mən də deyirəm, bəs sən niyə cavanlıqda elə şeylər edirdin? Mən toya getməyəndə sən mənə heç baxmırdın. Yeməyimə, içməyimə heç diqqət eləmirdin? Nə oldu indi? Deyirəm, buna sən gətirib çıxardın. Amma mən elə adamam ki, nə olur olsun, səni boşamayacam.

- Əvvəl deyirdiniz ki, onu sevib almısınız. İndi yaşlanıb deyə, uzaqlaşırsınız?

- Yox, qətiyyən. Hər gün toya gedirdim, evə məcbur gec qayıdırdım. Durub yemək verirdi, bilirdi ki, toyda yemək yeyən deyiləm. Ancaq sonralar 10 il efirdə olmadım. Gördüm ki, mənə qarşı münasibət dəyişib. Onun üzünə vurmadım bunları. Ürəyimdə düşündüm ki, “bağda ərik var idi, salam Məlik var idi, bağda ərik qurtardı, salam Məlik qurtardı?” Elə o vaxtdan qəlbim sındı. Ancaq uşaqlarıma görə onu dəyişmərəm. Bu gün də zəng edəndə dedim ki, sən ölmüş olsan belə evlənməyəcəm. Heç kim ikinci arvadı mənim evimdə görə bilməz. Hə, başqa yerdə qələt edəcəm, amma evlənməyəcəm.

- Aparıcılığa başlayandan sonra illər boyu müğənni olmağınıza peşman olmadınız ki?

- Yox, qətiyyən. Bir də dünyaya gəlsəm, yenə müğənniliyi seçərdim.

- Bəs proqramda niyə mahnı oxumursunuz?

- (Gülür) Maraqsızdır də mahnılarım.

- Toya gedirsiz?

- Hərdən olur.

- Aparıcı kimi yoxsa, müğənni kimi?

- Müğənni kimi.

- Proqramda elə olur ki, qonaqlarınız xoşunuza gəlmir. Çox səhvlərini görürsünüz. Siz də söz saxlaya bilmirsiniz axı. Özünüzü necə sıxıb saxlayırsınız?

- Özüm qonaq qismində gələndə mənə rahat olurdu. İstədiyim kimi danışırdım. Artıq rəsmi aparıcıyam deyə, gələn oxuya bilsə də, bilməsə də, mən onu yola verməliyəm. Elə olur hirsimdən durub oynayıram. Çox adam mənə deyir ki, qabaqki Əli deyilsən. Deyirəm, siz məni indiyə kimi mərd adam kimi tanımısınız. Mərd adam da heç vaxt namərd ola bilməz. Elə hər gələn qonağın səhvini üzünə desəm, alınmaz ki. Amma dediyim vaxt da olur. Musiqini, sözləri, şairi bilməyəndə özümü saxlaya bilmirəm, iradımı deyirəm.

- Sizin haqqınızda hər cür material yayılır. Hətta doğum gününüzdə öldü xəbəriniz yayılmışdı. Bunlar sizə qıcıq verirmi?

- O qədər qıcıq verib ki, qıcıq yerim dolub artıq. (Gülür)

- Elə bil aparıcılıq sizə ruh verib?

- Təbii... Bir var 5-3 dəqiqə efirə qonaq gələsən, bir də var veriliş sənin ola. Burda mənə tam sərbəstlik verilib. Elgiz də imkan yaradır ki, sözümü deyim. Bunun üçün ARB kanalına minnətdarlığımı bildirirəm.

- Əvvəllər keçmiş müğənnilərdən çox misal çəkirdiniz. İndi bu cavan müğənnilərin arasında özünüzü necə hiss edirsiniz?

- Həmişə deyirəm, muğam müsabiqəsindən çıxmış müğənniləri qəbul edirəm, o biriləri yox.

- Müsahibənizdə oxudum ki, Sevda Ələkbərzadənin ifasını bəyənmirsiniz.

- Yox, Sevdanın ifasını bəyənirəm, sadəcə xalq musiqilərimizi o günə salmasına razı deyiləm. Sevda çox gözəl oxuyur. Ancaq Üzeyir Hacıbəyovun “Sənsiz” romansını pis günə qoyub.

- Ancaq “Sənsiz”in yeni variantı cəmiyyət tərəfindən sevildi. Bəlkə “pisdir” əvəzinə “xoşuma gəlmir” deyəsiniz?

- Xeyr. Heç vaxt sevilə bilməz. Cəmiyyət heç nə bilmir. Musiqini bəstəkar, şair, musiqiçilər bilər. Cəmiyyətin musiqidən xəbəri olsaydı, Üzeyir Mehdizadəni toylara aparmazdı. Üzeyir Hacıbəyovun başladığı musiqini Üzeyir Mehdizadə bitirdi. İnsanlar məni niyə sevir? Bax, bu düzü danışdığım üçün. İndi 10 adam varsa, 5-i mənim dediyimi başa düşür.

- Nədirsə indi cəmiyyətimiz daha çox yüngül mahnılara meyillidir.

- Bu, əvvəldən belə olub. Həmişə yüngül, ara mahnıları dəbdə olub. Elə bilirsiniz, cəmiyyət Şövkəti, Rəşidi, Müslümü qəbul edib? Elə Müslüm Maqomayev sevilsəydi, Moskvada niyə yaşayırdı ki?

- İndi insanlar məşhurlaşmaq üçün hər yola əl atırlar. O dövr də belə idi?

- Yox e... nə danışırsan? İndi məşhurlaşmaq üçün soyunurlar. O dövrdə elə şey ola bilərdi? O vaxt Bədii Şura var idi. Mən ordan keçə bilməsəydim, heç vaxt müğənni olmayacaqdım. O vaxt müğənni olmaq üçün o qədər şey bilməli idin ki... İndi hər yerindən duran müğənni olmaq istəyir, vəssalam. Qərarı verir və işinə başlayır. Kefdədirlər e... o vaxt belə halların biri də ola bilməzdi. Mahnı oxumaq çox çətindir. Türkcə, kürdcə, ərəbcə oxumaq olar. Ancaq Üzeyir Hacıbəyovun qoyduğu yol çətin yoldur. Ona görə də bugünkü müğənnilər nə Cahangir Cahangirovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın bəstələrini oxuya bilir, nə də muğamla mahnını bir-birindən ayırmağı bacarırlar. Təəssüf ki, bu müğənnilər mahnı oxuyanda da muğam boğazı edirlər. Qəmbər Hüseynlinin “Ay işığında”sı 3 dəqiqədir. Bu 3 dəqiqədə sözümü demişəm. Görüm kim edə bilər? Mən ona görə də Əli Mirəliyevəm.

- Bu qədər müğənniləri pislədiniz, bəs Elza Seyidcahanın şeirləni necə, bəyənirsiniz?

- Elza şirindi. Deyir də. Mən də şirinəm. Guya mənim dediklərimlə elə hamı razılaşır ki?

Tahirə Əlirzayeva

Foto: Sərvan Şəldiyev


“Çox ehtiraslıyam, ona görə də...” - MÜSAHİBƏ-FOTOLAR- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR