“Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”.
Metbuat.az-ın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev bildirib. Ölkə başçısı qeyd edib ki, bu proqramların icrası regionların inkişafında dönüş yaradıb.
2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan prezident bildirib ki, aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda sabitliyin təmin edildiyini, onun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birlyinin durduğunu deyən dövlət başçısı ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyi, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.
Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, cənab prezidentin qeyd etdiyi kimi, beynəlxalq birlik Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir: “Azərbaycan artıq dünyanın 150-dən çox ölkəsi ilə iqtisadi əlaqələri var. Birləşmiş Millətlər Təşkilatının bir üzvü olaraq bir çox ölkələrlə siyasi və iqtisadi əlaqələr qurub, regionda söz sahibidir. Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihəni reallaşdırmaq mümkün deyil və Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsidir. Azərbaycanın yüksək nüfuzu ilə yanaşı, ölkəmizdə gedən iqtisadi islahatlar da beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bundan başqa, inklüziv inkişaf indeksinə görə, inkişaf etmiş ölkələr arasında 3-cü yeri tutur. Dünya Bankı, eləcə də Beynəlxalq Valyuta Fondu Azərbaycanın gələcək inkişafi ilə bağlı çox müsbət və pozitiv proqnozlar irəli sürür. Yəni cənab prezident bu amilləri nəzərdə tutub. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub, yaxın gələcəkdə TANAP, TAP layihələri reallaşacaq. Bütün bunlar hamısı bir daha Azərbaycanın siyasi və iqtisadi nüfuzu deməkdir. Azərbaycanda aparılan iqtisadi islahatlar, vətəndaş həmrəyliyi, daha geniş yanaşsaq, multikulturalizm və bu kimi dəyərlər, demokratik prinsiplər Azərbaycanda çox yüksəkdir, ona da görə də beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir”.
Günay Elşadqızı / METBUAT.AZ
"Qeyrətini qorumaq üçün övladını göndərir ki, get, vuruş!" – Yaşar Aydəmirov