Hindistan maliyyə nazirinin ölkədə kriptovalyutadan istifadənin qadağan olunacağı ilə bağlı verdiyi açıqlamadan sonra virtual valyuta birjalarında ucuzlaşma başaldı.
Açıqlamadan sonra bitcoinin məzənnəsində 7%-ə yaxın ucuzlaşma müşahidə olundu.
Bu gün bitkoin 8 min 480 dollarla satışa başlayıb. Qiymət isə 9 min dollar ətrafında dəyişməkdədir.
İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, bitkoinin qiymətində ucuzlaşma inkişaf etmiş ölkələrin, hətta aparıcı brend şirkətlərin bitkoinə münasibətdən birbaşa asılıdır:
“Feysbukda bitkoin reklamlarının qadağan edilməsi virtual valyutanın qiymətində kəskin ucuzlaşmaya gətirib çıxardı. Bir neçə gün əvvəl bitkoinin qiyməti 13 min dollar ətrafında dəyişirdisə, qısa bir zaman ərzində 8 min dollara qədər ucuzlaşdı.
Bitkoin 2017-ci ilə kifayət qədər kiçik bir qiymətlə, təxminən 700 dollarlıq qiymətlə başladı. İl ərzində hətta 20 min dollara qədər yüksəldi. Daha sonra gözlənildiyi kimi qiymət azalmaları müşahidə olunmağa başladı. Qiymət azalmaları biraşa aparıcı dövlətlərin bitkoinin istifadəsi ilə bağlı “yaşıl işıq” yandırmaması ilə bağlıdır. Bilirsiniz ki, Çindən sonra Cənubi Koreya da bitkoinlə olan əməliyyatların məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi. Bu da bitkoinin qiymətinə birbaşa təsir göstərdi. Ona görə, növbəti dövrdə bitkoinin qiyməti aparıcı ölkələrin kriptovalyutalara olan münasibətindən asılı olacaq. Aparıcı ölkələrin kriptovalyutalara münasibəti indiki kimi qalarsa, o zaman bitkoinin qiymətində azalmalar müşahidə edə bilərik”.
Xəyalə Məmmədova / METBUAT.AZ