Manat möhkəmləməkdə davam edir

"Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyuta-manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır.

Bu barədə Agentliyin Azərbaycanla bağlı hazırladığı reytinq qiymətləndirməsi hesabatında bildirilib. "Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib.

Hesabatla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki, manat hazırda möhkəmlənməyə meyillidir:

“Manat keçən il ərzində 4 % dəyər qazanıb. Ümumiyyətlə, 2017-ci ilin fevralından etibarən, manatın dəyərdən düşmə prosesi dayandı. Bu da neftin dünya bazar qiymətlərinin sabitləşməsiylə əlaqədar baş verdi. Düzdür, ölkədə həyata keçirilən antiböhran tədbirlərinin də bunda rolu oldu. Belə ki, valyuta bazarının tənzimlənməsiylə əlaqədar bir sıra müvafiq mexanimzlərə və qaydalara edilən dəyişiklərin də böyük təsiri var idi. Ancaq əsas ölkənin tədiyyə və xarici ticarət balansındakı müsbət dəyişiklər daha mühüm rol oynadı.

Çünki ölkəyə valyuta axını qənaətbəxş vəziyyətdədir. Üstəlik, daxildə dollara tələbat da yüksək səviyyədə deyil. Belə ki, ilin müəyyən dövrlərində tələb artsa da, ümumən sabitlikdir. Ancaq Mərkəzi Bank manatın bundan artıq möhkəmlənməsində də maraqlı deyil. Çünki bu, həyata keçirilməkdə olan antiböhran tədbirlərinə və addımlarına ziyandır. Sadəcə olaraq, vəziyyətin sabit qalması qaneedicidir. Ümumiyyətlə, ölkəmizin valyuta bazarında sabitliyin olması hökumətin götürdüyü kursa, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədinə uyğundur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Bitcoin" qismən bahalaşdı - Qiymət – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR