Parlamentin müxalif partiyaları seçkiyə necə hazırlaşır? – Millət vəkillərindən açıqlama

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.

Seminarların keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıqlar davam edir. Artıq prezidentliyə namizədləyini irəli sürənlərin sayı 15-ə çatıb. Namizədliyi irəli sürülənlər hazırda imzatoplama kampaniyası həyata keçirirlər. Namizədlər sırasında Parlamentin müxalifət təşkilatlarının nümayəndələri də var. Milli Məclisin müxalifət təşkilatlarının nümayəndələri hazırlıqla bağlı Metbuat.az-a açıqlama veriblər.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, seçkiyə kim namizədliyini verirsə, onlar hazırlaşır: “Biz sadəcə seçkidə aktiv iştirak edəcəyik, seçki prosesində müxalifət namizədlərindən birini dəstəkləyəcəyik. Ona görə də hər hansı bir hazırlıq mərhələsi nəzərdə tutulmayıb. Müşahidəçilərimizi verəcəyik, seçki prosesində də komissiyalarda üzvlərimizi səfərbər edəcəyik ki, aktiv iştirak etsinlər”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, hazırda imza toplama kampaniyası gedir. Hələ ki, təbliğatla bağlı bir iş görmürük. Çalışırıq ki, bu həftə imzaları hazırlayıb verək, 45 minə qədər imza toplanmalıdır. Bundan əlavə, təbliğat materialları hazırlamışıq ki, platformamız, plakatlar hazırlanır, görüş yerləri haqqında düşünürük. Amma bunların başlanması təbii ki, təbliğat kampaniyası başlayandan sonra olacaq. Yəni hazırlıqlarımız davam edir”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini, millət vəkili Fəzail İbrahimli isə qeyd edib ki, partiyanın prezidentliyə vahid namizədi yoxdur: “Amma məsələ açıq qoyulub. Hər hansı bir partiya üzvü, Siyasi Şuranın üzvü istənilən formada müstəqil hərəkət edib namizədliyini irəli sürərsə, partiya onu dəstəkləyəcək. Ümumilikdə VHP seçkilərdə heç kimi dəstəkləməyəcək, müstəqil hərəkət edir. Amma dediyim kimi, partiya üzvlərindən kimsə namizədliyini versə, ona kömək edəcəyik”.


Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı