“Ermənistan Konstitusiyasında olan dəyişikliklərin hamısı Sarkisyan üçündür” – Millət vəkili

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda ilk dəfə Parlamentdə ölkə prezidentinin seçilməsi üçün səsvermə keçirilib.

Metbuat.az-ın məlumatına görə, Ermənistan prezidentliyinə yeganə namizəd Armen Sarkisyan olub. Bir müddət öncə hazırki prezident Serj Sarkisyan bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.

Prezidentliyə namizədliyin qeydə alınması üçün parlamentin deputatlarının 1/4-nin səsi lazımdır. “Çarukyan” bloku öz namizədini irəli sürməyib. “Çıxış” alyansının isə parlamentdə kifayət qədər deputatı yoxdur.

Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Armen Sarkisyan ölkənin 4-cü prezidenti seçilib. Məlumata görə, parlamentdə onun namizədliyinin lehinə 90, əleyhinə isə 10 deputat səs verib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Araz Əlizadənin sözlərinə görə, Ermənistan Konstitusiyasında olan dəyişikliklərin hamısı Serj Sarkisyan üçündür: “Bu dəyişikliklər demokratiya və erməni xalqı üçün edilməyib. Buna “gedərək qalmaq” deyirlər. Çünki Serj Sarkisyan daha prezident seçilə bilməzdi. Buna görə də öz yerinə bir “müqəvva” qoyub. Konstitusiya dəyişikliyinə görə, bütün səlahiyyətlər Baş nazirə keçir, ona görə də özü Baş nazir olacaq. Ona görə də bu gün seçilən Ermənistan prezidentinin hüquqları hətta İngiltərə kraliçasının hüquqlarından da qat-qat aşağıdır.

Serj Sarkisyanın Baş nazir olmağı o deməkdir ki, Qarabağ məsələsinin dinc yolla həlli yoxdur. Çünki Sarkisyan siyasətə Qarabağ mafiyası ilə gəlib və hakimiyyəti ələ alıb. İndi də o, hakimiyyətə əldən vermək fikrində deyil. Bundan sonra gündən-günə Ermənistan xalqı daha da yoxsullaşacaq, miskinləşəcək, Qarabağ mafiyası sonuncu erməniyə qədər xalqı qarət edəcək. Mənə elə gəlir ki, Ermənistanda sonda ancaq Qarabağ mafiyasının üzvləri qalacaq. Çünki əhali çox böyük sürətlə Ermənistanı tərk edir. Heç kəs elə çıxılmaz vəziyyətdə yaşamaq istəmir. Bütün bunlar onu göstərir ki, Qarabağ məsələsinin yeganə həlli yolu müharibə yoludur”.

Qeyd edək ki, builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçib. Ermənistan Konstitusiyasında edilən dəyişikliklərə əsasən, bu ilin aprel ayında etibarən ölkə tamamilə parlament idarəetmə formasına keçəcək.

Günay Elşadqızı / METBUAT.AZ

“Arzu edirəm ki, Azərbaycan çox tezliklə Türkiyə ilə belə bir strateji saziş imzalasın” – Millət vəkili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı