“Danışıqlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək” – Millət vəkilləri

Xəbər verdiyimiz kimi, Konstitusiya dəyişikliyindən sonra parlament idarəetmə sisteminə keçən Ermənistanda yeni prezident seçilib. İşğalçı ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Respublika partiyasının namizədi idi. Armen Sarkisyanın prezident seçilməsinə 90 deputat səs verib, 10 nəfər isə əleyhinə olub.

Ancaq Armen Sarkisyan prezident seçilsə də, Konstitusiya dəyişikliyinə görə, əsas səlahiyyət prezidentdə yox, Baş nazirdə olacaq. Heç kimə sirr deyil ki, aprelin 9-da səlahiyyət müddəti başa çatacaq hazırki prezident Serj Sarkisyan Baş nazir olmaq istəyir. Onun Baş nazir olacağına da şübhə yoxdur.

Bizi maraqlandıran məqam isə budur ki, bütün bu dəyişikliklərdən sonra Qarabağ danışıqları kiminlə aparılacaq?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Rövşən Rzayev deyir ki, bu barədə dəqiq söz demək mümkün deyil: “Düşünürəm ki, danışıqlar prosesini yenə də Serj Sarkisyan özü aparacaq. Əgər Ali Baş Komandan o, hesab ediləcəksə, demək danışıqları da o aparacaq. Bildiyiniz kimi, prezident Armen Sarkisyan olsa da bütün səlahiyyətlər baş nazirdə olacaq. Baş nazir da Serj Sarkisyan özü olmaq istəyir, düşünürəm ki, belə də olacaq. O səbəbdən də danışıqları Serj Sarkisyanın özünün aparacağı şübhə doğurmur”.


YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, danışıqlar eyni vəzifəni tutanlar arasında deyil, ölkə rəhbərləri arasında gedir. Ermənistanın yeni Konstitusiyasına görə, ölkənin rəhbəri Baş nazirdir. Ona görə də Qarabağla bağlı gələcək danışıqlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək. Aydın məsələdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi əslində Serj Sarkisyanın hakimiyyətdə qalması üçün edilib. Bu isə yeni heç nə vəd etmir. Yenə eyni prinsiplə, eyni siyasətlə rastlaşacağıq.

Amma Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi günü-gündən möhkəmlənir. Ermənistan torpaqlarımızı işğaldan azad etməyi uzatdıqca, özü problemlər içərisində qalmağa davam edəcək. Ermənistanın vəziyyətinin günü-gündən pisləşməsinin səbəbi onun elitasının apardığı siyasətdir. Azərbaycan isə ərazi bütövlüyü və suverenlik hüququndan heç zaman əl çəkməyəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“O prezident yazıqdır ki, əhali kənarda qalıb, 80-90 deputat onu seçir” – Elman Məmmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı