“Sarkisyan başa düşür ki, bir addım geri çəkilsə, fiziki məhvi gündəmə gələ bilər” – Arzu Nağıyev

Məlum olduğu kimi, martın 2-də Ermənistanda yeni prezident seçilib.

Ancaq ilk dəfə olaraq Konstitusiya dəyişikliyindən sonra prezidenti xalq yox, millət vəkilləri seçib. Seçilən prezident isə hazırki dövlət başçısı Serj Sarkisyanın namizədi, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan oldu. Konstitusiya dəyişikliyinə görə, ölkədə əsas söz və səlahiyyət sahibi Baş nazir olacaq. Bu səbəbdən də, Serj Sarkisyanın məqsədi aprelin 9-da Baş nazir olmaq və hakimiyyətini yenidən davam etdirməkdir. Ancaq bu cür oyunla davam edən seçki Ermənistanda heç də birmənalı qarşılanmır və etirazını bildirənlər az deyil.

Metbuat.az-ın məlumatına görə, etiraz edənlərdən biri erməni politoloq Stepan Qriqoryan olub. O, 1in.am saytına müsahibəsində bildirib ki, Ermənistanda ilk dəfədir ki, prezident heç bir müqavimətə rast gəlmədən seçilir: “Ermənistanda konstitusiya elə dəyişdirildi ki, ikinci cəmiyyətin irəli sürülməsi üçün heç bir imkan yaranmadı. Nəticədə rəqabət imkanları itdi. Bu, çox ciddi və təhlükəli nəticələrə gətirib çıxaracaq. Bizə Brejnev dövrünün durğunluğu yenidən qayıdır. Ən böyük təhlükə ölkədə konstitusiyaya əməl edilməməsi deyil, ən böyük təhlükə siyasi plüralizmin itməsidir. Bu isə bütün siyasi proseslərin sonu deməkdir. Aydındır ki, Serj Sarkisyan Ermənistanda müxtəlif vasitələrlə birpartiyalı sistem yaradır”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, bu il Ermənistanda prezident seçilən Armen Sarkisyan seçilmədi, təyin olundu: “Milyon yarım seçicisi olan dövlətdə əgər 90 nəfərin iştirakı ilə razılaşdırılmış seçkilər keçirilirsə və bu nümayəndəni hazırki prezident Serj Sarkisyan irəli sürürsə, deməli burada heç bir vətəndaşın marağı nəzərə alınmır. S.Sarkisyan və onun komandası burada yalnız öz siyasi, iqtisadə və hərbi maraqlarını nəzərə alır. Burada da əsas maraq ondan ibarətdir ki, bütün bu seçkilər Dağlıq Qarabağ kartının üzərində qurulub. Bununla Sarkisyan həm Qərbə, həm də Rusiyaya mesaj göndərir ki, Qərbyönümlü Armen Sarkisyanı prezident seçdik ki, Rusiya bunu başa düşsün. Eyni zamanda, qalan Qarabağ klanını da mesaj kimi verir.

Burada da məram, məqsəd əsasən aprel ayının 9-da Baş nazirin kim olmasından asılıdır. Yəni, Baş nazir artıq Ali Baş Komandan olmalıdır və Parlament dövləti idarə eləməlidir. Serj Sarkisyan gözəl başa düşür ki, əgər bir addım geri çəkilsə, onun hətta fiziki məhvi gündəmə gələ bilər. Məhz buna görə də bu seçkilər təbii ki, qeyri-legitim sayıla bilər. Qarabağ kartının üzərində qurulmuş o deməkdir ki, bu gün heç bir məramı, məqsədi məlum olmayan müharibədə Ermənistan vətəndaşları ölürsə, həlak olursa, bu, necə bir hakimiyyət ola bilər? Məhz buna görə də belə çıxışlar var və olacaq da. Bunun hətta aprelin 9-na qədər iğtişaşlara gətirib çıxaracağı da ehtimal olunur, yəni, vəziyyət bu cürdür”.

Günay Elşadqızı / METBUAT.AZ

“Onlara baxanda mehriban düşmənlər kəlməsi yadıma düşür” – Partiya rəhbərlərindən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı