Əməkdar artist Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Lalə xanım, çox işləyən müğənnilərdənsiniz. Bu qədər enerji haradan sizdə?
- Müğənnilik bizim sənətimizdir, biz bu sənətdən tanınıb, pul qazanırıq. Sizə adi bir misal çəkim. Mən "Məktəb illəri" mahnısını oxuyanda 20 yaşlı cavan qız idim. Nə not tanıyırdım, nə də musiqi təhsilim var idi. Siyavuş Kərimi, Aygün Səmədzadə kimi peşəkarlarla işlədiyimə görə mənim savadsızlığım üzə çıxmamışdı. Mən dayanıb yerimdə addımlaya da bilərdim. İstedadımızı inkişaf etdirmək artıq bizim boynumuza düşür. İllər keçəndən sonra Siyavuş Kərimi məni savad almağa məcbur etdi. Mən bu gün də Siyavuş Kərimiyə təşəkkür edirəm. Müğənnilər öyrənməkdən qorxmasınlar, musiqi təhsili alsınlar.
- Bəzi müğənnilər var ki, həm bəstəkar, həm də müğənnidir.
- Bizim gözəl bəstəkarlarımız var və onlar hər zaman yeni mahnılar yazırlar. Düz qeyd etdiniz, bəzi gənc müğənnilər həm bəstəkarlıq edir, həm də müğənnilik. Biz mahnı yaza bilərik, amma onu bəstəkar kimi düşünə bilmərik. Cavanlar nədənsə istəyirlər ki, özlərini hərtərəfli göstərsinlər. Bu əslində pis əlamət deyil, sadəcə olaraq nə yazdıqlarına fikir verməlidirlər.
- Nə vaxt böyük saraylarda konsert vermək istərdiniz?
- 2 ay əvvəl Beynəlxalq muğam mərkəzində konsert verdim, deyilənə görə yaxşı da konsert idi. Heç vaxt boşu-boşuna konsert vermək istəmərəm. Konsert konsertdir, böyüyü-kiçiyi olmur. İstəyirəm konsertin içi "dolu" olsun. Vaxtı çatanda benefisimi inşallah ki, böyük sarayda konsert proqramı ilə keçirəcəyəm.
- İnstaqramda bir paylaşımda yazmısınız ki, "mən xoşbəxt olanda 18, bədbəxt olanda isə 88 yaşında oluram". İndi neçə yaşınızdasınız?
- Bu sözləri türk müğənnisi Yıldız Tilbe yazmışdı, mən də ondan götürüb paylaşmışdım. Biz əvvəllər xatirə dəftəri tuturduq, indi həmin gündəliyi İnstaqram səhifəsi əvəz edir. Hara gediriksə, hardan gəliriksə, biz instaqramda paylaşırıq. O ki, qaldı yaşıma... Mənim 18 yaşım var, yəni xoşbəxtəm. İnsanın yaşadığı illər boşa getməyibsə, şərəfli ömür sürübsə, o illəri gizlətməməlidir.
- Neçə yaşınıza kimi səhnədə olacaqsınız?
- Səhnə gəncliyi sevir, bunu biz qəbul etməliyik. Zaman gələcək ki, mənim də yerimə yeniləri gələcək. Bunu xəstəlik kimi qəbul etməməliyik. Mən vəsiyyətnamə də yazıb qoymuşam görsəniz ki, cavanlara imkan vermirəm, onlara mane oluram tutub saxlayın məni, qoymayın evdən çölə çıxım (gülür). Təbii ki, bu bir zarafatdır.
- Lalə xanım, iki qız övladını böyütmək bir qadın kimi sizə çətin deyil ki?
- Əlbəttə ki, çox çətindir. Qadın məhz kişiyə güvənib övladlarını dünyaya gətirir. Kişilər danışsa, bəlkə də məsələnin bir başqa tərəfini işiqlandırarlar. Heç bir qadın istəməz ki, ailə həyatı yarı qalsın. Qismətdir, yenə də qismət.
- Nə vaxtsa ailə həyatı qurmaq istərdiniz?
- Yenə də deyirəm, bu Allahın qismətidir. Heç vaxt bilmək olmur ki, nə olacaq. Həyatdır... Amma sözün düzü, bu haqda düşünmürəm. Mənim balalarım çox körpədir, ana olan qadınlar məni anlayar. Birinin 13, digərinin isə 4 yaşı var. Böyük qızım artıq yeniyetməliyə doğru gedir. Onlar böyüyərlər, əgər qismətimdə olarsa, ailə həyatı quraram. Amma hal-hazırda bu haqda düşünmürəm.
Əli Rəhimoğlu
Milli.Az