Xalq artisti Gülyaz Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Hazırda yaradıcılığınızda nə kimi işlərlə məşğulsunuz?

- 2 ay bundan öncə tələbəmlə birlikdə Mahnı teatrında konsert verdik. Əslində, bu, onun təşəbbüsü idi, məni də ustadı kimi konsertə dəvət etmişdi. Çox gözəl də konsert keçdi.

- Uzun müddətdir efirlərdə Gülyanaq xanımla görünmürsünüz. Olmaya küsülüsünüz?

- Xeyr, nə küsülü? (gülür). Bəzən bizi efirlərə ayrı-ayrı dəvət edirlər. Amma bu, nadir hallarda belə olar. Biz həmişə bir yerdəyik.

- Küsülü qaldığınız vaxtlar olub?

- Bizim küsülülüyümüz nəinki dəqiqə, saniyə çəkmir. Təbii ki, mübahisələrimiz olub.

- Daha çox nə üstündə mübahisə edirsiniz?

- Daha çox geyim üstündə mübahisələrimiz olur. Mən bir az tənbələm, geyimi alanda geyinib baxmıram. Konsert günü geyinəndə görürəm ki, əynimə olmur. O da əsəbləşir ki, alanda götür geyin də. Əslində, Gülyanaq haqlıdır.

- Belə çıxır ki, Gülyanaq xanım sizdən daha çox məsuliyyətlidir?

- Xeyr, məsuliyyət məndə də var, onda da. Sadəcə olaraq, mən bir az bunları o qədər də ciddiyə almıram.

- Özünüzü Gülyanaq xanımsız təsəvvür edirsiniz?

- Xeyr, qətiyyən özümü onsuz təsəvvür etmirəm. Mən həmişə deyirəm ki, Gülyanaq mənim bir qanadımdır. Biz Bakıya ayrı-ayrı illərdə gəlmişik. Daha sonra Kamil Vəzirov bizi "Heyratı" muğamı ilə səhnəyə çıxardı. Gördük ki, səhnəyə cüt çıxanda daha çox diqqət çəkirik. Elə o vaxtdan bir yerdəyik.

- Opera və Balet Teatrının səhnəsində uzun müddət Leyli obrazını oynamısız. Olub ki, Məcnun rolunu oynayan aktyorla səhnəyə çıxmaq istəməsəniz də obraz xatirinə oynamısınız?

- Mən uzun illər Mənsum İbrahimovla, Səbuhi İbayevlə tərəf müqabili olmuşam. Təbii ki, hamısını sənət yoldaşım kimi sevirəm. Xoşbəxtlikdən bütün həmkarlarımla bu obrazın səhnə həyatı maraqlı alınıb. Heç birinə fərq qoya bilmərəm.

- Bugünkü gündə də Leyli obrazını oynayırsınız?

- Bəli, repertuara salınanda Leyli obrazını oynayıram. Sonuncu dəfə Elnur Zeynalovla oynamışam. Bizim teatrın gözəl və cavan Leyliləri də var.

Əli Novruzəliyev
Milli.Az