29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet
ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər
Bakıda “qətliam ssenarisi” hazır idi.
Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun
daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində
yerli əhali hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi.
Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla
gerçəkləşdirildi.
Zirehli texnika ilə Bakıya daxil olan sovet ordusu şəhərdə dinc
əhaliyə əsl divan tutdu. 20 Yanvar Azərbaycanın hüzn günü olmaqla
yanaşı, müstəqilliyinə qovuşduğu tarix olaraq da yadda qaldı. Əli
yalın azərbaycanlılar sovet tanklarının önünə çıxmaqla SSRİ
imperiyasını çökdürdü, “xalqlar həbsxanasında” olan 15 respublikanı
da azadlığa qovuşdurdu.
20 Yanvar hadisələrinə görə cinayət məsuliyyəti daşıyanlar hələ də
cəzasını almayıb. Günahkar kim idi?. Bu sual qarşısında həmişə
nəzərlər Moskvaya, keçmiş SSRİ-yə və bu gün Qərbin qucağında oturub
ahıl yaşını yaşayan “ləkəli başa” – Qorbaçova yönəlir. Bu doğrudur,
onlar Azərbaycan xalqına divan tutmuşdu. Lakin azərbaycanlıların
qanına əlini batıran təkcə Qarbaçov və Kreml idimi?
Həmin dövrün geosiyasi mənzərəsi fonunda bu sualın cavabı
maraqlıdır: 1989-cu ildə ABŞ Panamaya müdaxilə etdi. Ardınca SSRİ
tərkibində olan Şərqi Avropa ölkələrində Moskvaya qarşı etirazlar
başladı. Vaşinqtondan SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə
müraciət daxil oldu ki, Moskva baş verən etirazlara müdaxilə
edərsə, ABŞ bu məsələdə neytral qalacaq. Kreml Vaşinqtonun bu
müraciətini özünün Panama müdaxiləsinə haqq qazandırmaq üçün
etdiyini anlayırdı. Ona görə də etirazlara qarşı silah işlədilmədi.
Lakin bu, Kremlin Bakı müdaxiləsinə zəmin yaratdı. 1989-cu ildən
cəmi bir il sonra Bakıda Qanlı Yanvar hadisələri törədildi və
Vaşinqton susdu. Bu fakt 20 Yanvar faciəsinə görə, ABŞ-ın da
məsuliyyət daşıdığı fikrinə haqq qazandırır.
Lakin hər şey bundan ibarət deyilmiş və ortaya çıxan bir sıra
sənədlər azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, buna
paralel olaraq, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin
Azərbaycana qarşı təcavüzkar siyasətində Ağ Evin indi demokratiya
adı altında hər kəsin gözünə soxduğu barmağının olduğunu
göstərir…
1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə.
Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt
komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri
Şevardnadze arasında görüş keçirilir. Pell bildirir ki, Sovet
rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata
keçirməkdə davam etməyə icazə verməməlidir.
“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor
tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni
əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri
görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın
tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq
Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək
deməkdir”, – Pell ABŞ-dakı erməni diasporunun verdiyi pulla aldığı
bahalı kostyumunu düzəldə-düzəldə 29 il öncə Şevardnadzeyə belə
deyirdi.
Həmin görüşdən bir gün sonra SSRİ-nin “ləkəli başı”
“azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu
yeridir. O həqiqət idi ki, Qorbaçov SSRİ-nin başına gətirilmiş
ABŞ-ın adamı idi və Vaşinqtonun “erməni sevgisi” onun timsalında
təzahürünü tapırdı.
SSRİ müdafiə naziri olmuş, Bakıdakı qırğınların birbaşa icraçısı
Dmitri Yazov həmin dövrü belə xatırlayır: “Mən erməni mədəniyyət
işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan
Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə
soruşdu: “Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı
“Artsax” adlandırır. Bu, onların xoşuna gəldi. Onlar gülümsəməyə
başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”. Əslində,
Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o,
ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara
toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb
edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və
Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq
ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə
naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu
artıq mənə məlum idi”.
Öz kolleqası bu sözlərlə Qorbaçovun kimliyini açıqlayır. 20 Yanvar
qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup
deputatı Qorbaçova müraciət ünvanlayır.
Konqresmenlər azərbaycanlıların 6 gün ərzində Bakıda qətllər və
zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini
iddia edir və bundan narahat olduqlarını bildirirlər.
Məktubda bildirilir ki, Azərbaycana göndərilən sovet zabitləri baş
verənləri vətəndaş müharibəsi kimi dəyərləndiriblər: “Sizdən xahiş
edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda
digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid
edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə
dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da
ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini
yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və
digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş
verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla
birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan
hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini
təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub.
Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək
siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu
ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını
alasınız”.
Bu müraciət ABŞ-ın 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının
ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol
oynadığını göstərir. Maraqlıdır ki, Qorbaçova ünvanlanan müraciətə
imza atanlar arasında Qarabağın ermənilərə verilməsini
Şevarnadzedən tələb edən Kleyborn Pell da var. Həmçinin, senatorlar
Pit Uilson, Pol Seymak, Lerri Brekslerdə müraciətə imza atıblar.
Müraciətin altındakı imzalar arasında ABŞ-ın keçmiş dövlət katibi
Con Kerrinin də adı var idi.
Asif Nərimanlı