Bakıda Azərbaycan-Slavyan Gənclərinin birinci Forumu keçirilir

Bakıda Azərbaycan-Slavyan Gənclərinin birinci Forumu keçirilir Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Forum iştirakçıları ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmizdə inkişaf edən tolerant mühit barədə söz açıb. Sədr müavini Azərbaycanda dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. Gənclərə Azərbaycandakı dini durum barədə məlumat verən Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Bütün dinlərin nümayəndələri bərabərhüquqlu şəkildə fəaliyyət göstərir və bu baxımdan Azərbaycandakı mövcud dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, Azərbaycanda tolerantlığın tarixi kökləri var. Multikultural və tolerant ənənələr ölkəmizə xaricdən idxal edilməyib, o, xalqımızın gen yaddaşının məhsuludur və bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilərək möhkəmlənməklə dünya miqyasında nümunəvi modellərdən biri səviyyəsinə yüksəlib. Bildirib ki, müasir dövrdə dünyanın bir çox ölkəsində cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslər fonunda dini təhlükəsizlik məsələsi daha da aktuallaşıb. Bu səbəbdən artıq dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementinə çevrilib. S.Heydərov vurğulayıb ki, ölkəmizdə təkcə dinlərarası deyil, məzhəblərarası fərqliliklər də multikulturalizmin tərkib hissəsi kimi qəbul olunur.

Səmimi görüşə görə minnətdarlığını bildirən Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov qurumun fəaliyyətindən danışıb. O qeyd edib ki, ASGA 2006-cı ildə qeydiyyatdan keçib və bu günə qədər 200-ə yaxın layihə reallaşdırıb. Hazırda ASGA-nın Rusiya, Ukrayna, Polşa respublikalarında nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən sədr bildirib ki, təşkilatın əsas məqsədi respublikamızı Slavyan ölkələrində təbliğ etmək, gənclərarası innovativ informasiya mübadiləsini təmin etməkdir. S.Abbasov ASGA-nın bu gün bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq bu qurumların sırasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi rolu olduğunu vurğulayıb.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri Mariya Voropayeva ASGA-nın həyata keçirdiyi yeni layihənin Azərbaycan və Rusiya gənclərinin ikitərəfli əlaqələrinin inkişafına, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyətə töhfə verəcəyini deyib.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının Azərbaycan İcması Evi adı altında birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, bunun diasporun yüksək səviyyədə inkişafı üçün uğurlu addım olduğunu qeyd edib. Forumun Azərbaycan və Slavyan ölkələrinin gəncləri arasında münasibətlərin yüksək səviyyədə inkişafında körpü rolunu oynayacağını deyən Ş.Tağıyev bu layihənin işinə Moskva Azərbaycanlıları İcması tərəfindən hər zaman dəstək verməyə hazır olduqlarını dilə gətirib.

Rusiya-Türkiyə İctimai Forumun məsul katibi, siyasi ekspert Aleksey Bıçkov isə belə görüşlərin hər iki ölkənin gəncləri üçün vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar. A.Bıçkov vurğulayıb ki, iki ölkə arasındakı dostluq əlaqələri bu gün gənclərimizin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanmağının bariz nümunəsidir. Belə tədbirlərin keçirilməsi ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği kimi vacib əhəmiyyət kəsb edir.

Görüşün sonunda xatirə şəkili çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR