Ramazan ayına az qaldı

Ramazan ayının gəlməsinə sayılı günlər qalıb. Bu ayda oruc tutanları düşündürən ən vacib məsələlərdən biri düzgün qidalanmaqdır. İmsak və iftarda nələr yemək lazımdır?

Mövzu ilə bağlı tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı Metbuat.az-a açıqlama verib. O bildirib kİ, oruc tutmaq əslində sağlamlığa ziyan deyil, əksinə xeyirlidir. Belə ki, bu ayın insanlardan tələb etdiyi, bildiyiniz kimi, nəfsə hakim olmaq, bu sayədə paklaşmaqdır. Sözün həqiqi mənasında, biz fiziki baxımdan ciddi araşdırmalarla bu işə nəzarət etdikdə görürük ki, bu ay doğurdan da saflaşma ayıdır. Dietologiyanın vacib qanunu var. Orta dərəcə, yəni az miqdarda qidalanma. Bu baxımdan insan qida qəbul etdikdə mümkün qədər diqqət etməli, çox yeməkdən qaçmalıdır. Əks halda bunun fəsadları ağır olur”.

Günümüzdə insanların rejimsiz şəkildə qidalandığını deyən dietoloq, bunun nəticəsinin ürəkaçan olmayacağını bildirib:

“İnsanlar günü-gündən qloballaşan həyat tərzində, çox ölçüsüz, dozasız qidalar qəbul edir. Belə halda, mədənin həcmi böyüyür və bu günlərdə aktual olan “Bariatrik cərrahiyə” (mədə kiçiltmə əməliyyatı) kimi ağır əməliyyat növünə müraciət olunur. Ancaq biz Ramazan ayında, “orta dərəcə” prinsipinə öyrəşmiş olduğumuzdan bunun faydalı tərəflərindən də yararlana bilərik. Mədə elə bir orqandır ki, sistematik olaraq az qidalanma vərdişinə yiyələndikdə, onun ölçüsü kiçilə bilir”.

L.Zülfüqarlı Ramazan ayının pəhriz ayı olduğunu ifadə edib: “Nəzərə alaq ki, orucluq ayı qarınqululuq deyil, pəhriz ayıdır . Düzgün formada oruc tutan insan, az porsiyadan doyur, qarınqululuq etmir. İnsanlar bu ayı 11 ayın sultanı adlandırır. Mənim üçünsə bu, 11 ay yeyib -içən orqanizmin bir ay istirahət etməsidir. Yəni, ayın məqsədi və hikməti bundan ibarətdir. Sadəcə insanlar bəzən bunu düzgün başa düşmürlər. Belə ki, bütün günü ac saxladıqları mədəni, axşam iftar vaxtı çatdıqda, gözlərini doyurmaq üçün hər şeydən yemək istəyirlər. Bu çox ciddi səhvdir”.

Dietoloq, ölkəmizdə müqəddəs ayın hikmətini başa düşmədən oruc tutan insanların da mövcud olduğunu deyib:

“Az rast gəldiyimiz hallardan olsa da, istisnalar var ki, oruc vaxtı alkoqoldan istifadə etməyən insanlar, iftar menyularına spirtli içki əlavə edirlər. Yəni həmin insanlar, görün nə qədər bu ayın hikmətini başa düşməyiblər”.

Tanrının buyurduqları ilə dietologiya elminin əsaslarının eyni olduğunu bildirən mütəxəssis əlavə edib: “Tanrı ““haram qidalardan uzaq durun” deyə buyurur. Bəli, mən də bir dietoloq kimi təsdiqləyirəm ki, həmin qadağan olunmuş qidalar təhlükəli qidalar hesab olunur. Bunların içərisində kolbasa-sosiska məhsulları da var. Bununla yanaşı ölmüş heyvanın ətini yemək də qadağan olunub. Bu həm də insan orqanizminə zərərlidir. Bir sözlə, Tanrının buyurduqları ilə dietologiya elminin əsasları eynidir”.

Həkim-dietoloq, imsaq vaxtı qidalanmanın orqanizm üçün vacibliyindən də vurğulayıb: “İnsanların imsaq vaxtını qidasız keçirmələri arzu olunmayan haldır. Ramazan ayında gün ərzində iki dəfə qidalanma şansımız var. Adicə bu hal belə, maddələr mübadiləsinin inkişaf sürətini ləngidir. Qaldı ki, bu vaxtlardan birini də ötürsək, o zaman inkişaf dayanacaq. Bu səbəbdən düşünürəm ki, imsaqın olunmaması orucun batil olması qədər əhəmiyyətli məsələdir”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR