​“Ulu Öndərin siyasi kursunun mayasını azərbaycançılıq ideologiyası təşkil edir” -

“1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ağır bir dövrdə ikinci dəfə siyasi olimpin zirvəsinə yüksələn böyük dövlət xadimi Heydər Əliyev ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən qurtardı. Ulu Öndər azərbaycançılığı nəinki Azərbaycan dövlətinin dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümmilli ideologiyası səviyyəsinə yüksəldə bildi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib. Ekspert vurğuladı ki, məhz bu amil də onun adını “Bütün dövrlərin ən böyük Azərbaycanlısı” kimi tarixə yazılmasına səbəb olmuşdur.

Elnur Kəlbizadə

“Sovet İttifaqının süqutundan sonra müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü ağır ictimai-siyasi vəziyyət və böhranlı iqtisadi durum ölkənin müxtəlif ideogiyalar üçün tədqiqat laboratoriyasına çevrilməsi ilə nəticələnmiş, yayılan ideya və ideologiyalar əksər hallarda regionda nüfuz mübarizəsi aparan dövlətlərin marağına xidmət etmişdir. Ultra-millətçi, ultra-dinçi, ultra-təriqətçi ideologiyaların xalq kütlələrinə “sırınması” nəticəsində Azərbaycan parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. 1990-cı ildə Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsinin qarşısının alınması üçün hələ o zaman əməli addımlar atmışdır. Təsadüfi deyildir ki, 1990-cı ilin noyabr ayının 17-də ümummilli liderin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin ilk sessiyasında qəbul edilən ən mühüm qərarlardan biri Azərbaycan Respublikasının milli istiqlal rəmzi, eyni zamanda, azərbaycançılığın rəmzi olan üçrəngli dövlət bayrağının bərpası haqqında qərar olmuşdur. 1991-ci ilin dekabr ayının 16-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini ifadə edən bir günün təsis olunmasına, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinə nail olmuşdur”.

Elnur Kəlbizadə qeyd etdi ki, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər romantik siyasi təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməyən azərbaycançılıq ideallarını bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi statusa – ümummilli ideologiyaya çevirən məhz xalqımızın böyük oğlu Heydər Əliyev olmuşdur.

Millət vəkili Cavid Osmanov Metbuat.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.


Cavid Osmanov

“Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir”.

Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsinin Azərbaycanın müasir dünyada yerini müəyyən etdiyini söyləyən Cavid Osmanov xatırlatdı ki, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

“Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi formada düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Ulu Öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir”.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov Metbuat.az-a açıqlamasında dedi ki, Heydər Əliyevin yeritdiyi siyasət azərbaycançılıq məfkurəsinə dayanmışdı.

Vüqar İskəndərov

“Heydər Əliyevin 90-cı illərin əvvəllərində hakimiyyətə gəlməsi ilə Azərbaycan böyük bəlalardan xilas olmuş oldu. Xalqın təkidi, tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev qısa vaxt ərzində dövlətin möhkəmləndirilməsi sahəsində önəmli addımlar atdı. Ulu Öndərin azərbaycançılıq ideyasının təbliği sahəsində ölkəmizin atdığı ardıcıl sistemli addımlar xalqımızın və dövlətimizin daha da güclənməsinə, beynəlxalq arenada nüfuz qazanmasına əvəzsiz töhfə verir. Vaxtı ilə dünya ictimaiyyətinə məlum olmayan Azərbaycan dövləti və xalqı hazırda dünya ictimaiyyətinin diqqətini cəlb edir, ölkəmizə böyük maraq göstərilir. Azərbaycanın beynəlxalq siyasi dialoqların, sivilizasiyalararası mədəniyyətlərin, dinlərin, BMT-nin platformasının geniş müzakirəsinin, dünya və Avropa idman oyunlarının hər il keçirildiyi möhtəşəm ölkəyə çevrilməsi hər kəsin iştirakı və gözü qarşısında baş verir. Ölkəmizin qeyd etdiyimiz və etmədiyimiz bütün uğurlarının mayasında azərbaycançılıq ideyasının məqsədyönlü təbliğatının dövlətimiz tərəfindən müvəffəqiyyətlə aparılmasının xüsusilə böyük rol oynamasına heç kim şübhə etmir”.

Vüqar İskəndərov qeyd etdi ki, azərbaycançılıq ideologiyası ölkəmizi yad təzahürlərdən, yad təsirlərdən qorumuş olmaqla bərabər, mayasında özünüdərk, keçmişimizi dərindən öyrənmək və sağlam gələcək naminə birlikdə mübarizəni qoruyub saxlayır.

“Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. Azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür. Bugünkü inkişafımızın düzgün bünövrəsi milli liderimiz Heydər Əliyev tərəfindən 90-cı illərin əvvəllərində qoyuldu. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən ordunun maddi texniki bazasının möhkəmləndirilməsi, gənclərimizdə vətənpərvərlik və vətəndaşların rifahının yüksəldilməsi sahəsində önəmli sərəncamları və bununla bağlı görülən işlər bizim 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirdi. Azərbaycan xalqı olduqca müzəffər xalqdır. Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz bizə yüz illərlə həsrətində qaldığımız qələbəni yaşatdı və bu qələbə həm də xalqımızı daha da sıx birləşdirdi. Bütün bunların kökündə, mayasında bünövrəsində ümummilli liderimiz Heydər Əliyevin düzgün yeritdiyi siyasət idi və bu siyasət bu gün də uğurla davam etdirilir. Cənab Prezidentimizin zərgər dəqiqliyi ilə cızdığı siyasi konturlar onu deməyə əsas verir ki, ölkəmizi gələcəkdə hələ çox böyük uğurlar və nailiyyətlər gözləyir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” mövzusu üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR