Avropa çempionatının "ən"ləri - REKORDLAR

Bu gün start götürəcək futbol üzrə Avropa çempionatı eyni zamanda bir çox rekordlarla da yadda qalıb.

Metbuat.az xəbər verir ki, çempionata ev sahibliyi edən Almaniya Avropa çempionatlarında ən çox çempion olan, ən çox final oynayan, yarışa ən çox qatılan, ən çox matça çıxan, ən çox qalib gələn, ən çox qol vuran komandadır.

Almaniya və İspaniya ən çox Avropa çempionu olan ölkələrdir. Almaniya turniri 1972, 1980 və 1996-cı ildə qazanıb. İspaniya isə 1964, 2008 və 2021-ci illərdə kuboka sahib çıxıb.

Almaniya həm də ən çox final oynayan ölkədir. Belə ki, onlar 1972, 1980 və 1996-da çempion olmaqla yanaşı, 1976, 1992 və 2008-də final oynayıblar. Həmçinin, almanlar 1992-2020-ci illər arasında 7 dəfə ardıcıl turnirdə çıxış ediblər ki, bu da rekorddur.

Almaniya çempionata ən çox qatılan ölkədir. Onlar 1972-ci ildən keçirilən bütün yarışlarda çıxış etməyi bacarıblar. Onlar Avropa çempionatında rekord sayda - 53 matça çıxıblar və yenə də rekord sayda - 27 qalibiyyət alıblar.

3 dəfə Avropa çempionu olan İspaniya bu kuboka 2 dəfə ardıcıl sahib çıxan yeganə ölkədir. Onlar 2008 və 2012-ci il turnirlərində uğurlu olublar. Eyni zamanda İspaniya 1964, 1996, 2008, 2012 və 2020-ci ildə keçirilən Avropa çempionatlarını məğlub olmadan başa vurublar ki, bu da rekorddur. İspanlar həmçinin 2012-ci ildə 509 dəqiqə qol yemədən rekorda imza atıblar.

İngilisləri çempionatın ən şanssız komandası adlandıra bilərik. Avropa çempionatına 1968, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2021, 2016 və 2020-ci illərdə qatılan İngiltərə kuboka sahib çıxa bilməyib. Onlar 1996, 2012 və 2020-ci ildə keçirilən turnirlərdə məğlub olmasalar da, yarışdan kənarda qalıblar.

Avropa çempionatlarında ən çox məğlub olan ölkə Danimarkadır - 17 dəfə. Ən çox heç-heçə edən isə 18 oyunla italyanlardır. Yarışa ən az qatılan ölkələr isə Albaniya, Finlandiya, Litva və Norveçdir - hərəyə bir dəfə. Ən az qol yeyən ölkə də 1 qolla Norveçdir.

Çempionat tarixində bir-biri ilə ən çox üzləşən ölkələr İspaniya və İtaliyadır. İki komanda 1980, 1988, 2008, 2012 (2 dəfə), 2016 və 2020-ci illər olmaqla, 7 dəfə qarşılaşıblar.

Fransa çempionat tarixində bir turnir ərzində ən çox qol vuran ölkədir. Onlar 1984-cü ildəki yarışda 14 dəfə fərqləniblər.

Rekordçular arasında portuqaliyalı ulduz Kriştianu Ronaldo da var. O, 6-ci dəfə bu yarışda yer alacaq ki, bu da mütləq rekorddur. Eyni zamanda, 25 oyunla meydana ən çox çıxan, 2 min 153 dəqiqə ilə ən uzun müddət oynayan, 12 oyunla ən çox qalib gələn və 16 oyunla ən çox kapitanlıq edən futbolçu da Ronaldodur.

Avropa çempionatları tarixində ən çox tamaşaçının izlədiyi oyun 1964-cü ildə SSRİ ilə İspaniya arasında oynanan oyun olub. "Santiyaqo Bernabeu"dakı matçı 79 min 115 nəfər izləyib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı