Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Ləkəli göl (Spotted Lake) yay aylarında suyunun buxarlanması nəticəsində yüzlərlə kiçik təbii hovuza bölünür. Tərkibindəki yüksək mineral konsentrasiyası gölün müxtəlif rənglərə bürünməsinə səbəb olur.
Metbuat.az xəbər verir ki, Kanadanın qeyri-adi təbiət möcüzələrindən biri hesab olunan Ləkəli göl qış və yaz aylarında adi göl təsiri bağışlasa da, iyul və avqust aylarında tamamilə fərqli görünüş alır.
Yayda göldə 365 təbii hovuz yaranır
Havanın temperaturunun yüksəlməsi ilə güclü buxarlanma baş verir və gölün suyu çəkilir. Nəticədə gölün səthində müxtəlif ölçülü 365-ə yaxın təbii hovuz yaranır.
Bu hovuzların rəngləri tərkibindəki mineralların miqdarından asılı olaraq dəyişir. Maqnezium sulfatın üstünlük təşkil etdiyi ərazilər ağ rəngə çalır, digər mineralların təsiri ilə sarı, yaşıl və mavi rənglər də yaranır.
Gölün tərkibində maqnezium sulfat, kalsium, natrium sulfat, gümüş və titan kimi mineralların yüksək konsentrasiyası var. Günəş şüalarının düşmə bucağından asılı olaraq hovuzların rəngi gün ərzində də dəyişə bilir.
Yerli xalq üçün müqəddəs sayılır
Okanagan (Syilx) yerli xalqı öz dillərində "Kliluk" adlandırdıqları gölü əsrlərdir müqəddəs hesab edir. Yüksək mineral tərkibinə görə gölün suyundan yaralanan insanların müalicəsində istifadə edildiyi bildirilir.
Birinci Dünya müharibəsində mineralları çıxarılıb
Ləkəli gölün tarixində daha bir maraqlı məqam Birinci Dünya müharibəsi ilə bağlıdır. Həmin dövrdə göldən böyük miqdarda mineral çıxarılaraq Kanada ordusu üçün partlayıcı maddələrin hazırlanmasında istifadə edilib.
İşçilərin gündə təxminən bir ton duzu gölün səthindən çıxararaq silah fabriklərinə daşıdığı bildirilir. Bu fəaliyyət gölün təbii quruluşuna ciddi zərər vursa da, ərazi sonrakı onilliklər ərzində tədricən bərpa olunub.
Göl hazırda qoruma altındadır
Ləkəli göl 2001-ci ildə Kanada hökuməti və yerli xalqın birgə təşəbbüsü ilə satın alınaraq qorunan ərazi elan edilib. Hazırda gölə daxil olmaq və onun ətrafında gəzmək qadağandır.
Ziyarətçilər gölü yalnız avtomobil yolunun kənarındakı müşahidə məntəqəsindən izləyə və foto çəkə bilərlər.