“Ferrari” pilotu Lyuis Hamilton 2027-ci ildən etibarən Formula 1 Qran-prilərinin məsafəsinin azaldılması qərarı ilə razılaşmadığını bildirib.
Metbuat.az xəbər verir ki, 2027-ci ildən standart Qran-pri məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsi nəzərdə tutulur. Bu dəyişiklik əksər traslarda yarışların təxminən üç dövrə qısalması deməkdir.
Qərarın yeni texniki reqlamentlə bağlı olduğu bildirilir. Daxiliyanma mühərrikinin gücünün elektrik enerjisinə nisbətən artırılması üçün yanacaq axınının 5 faiz yüksəldilməsi planlaşdırılır. Yanacaq çəninin böyüdülməsi isə bolidin çəkisini artıracağından yarış məsafəsinin azaldılması variantına üstünlük verilib.
Hamilton isə bu yanaşmanı düzgün hesab etmir:
"Yarışların qısaldılmasının çox məntiqli olduğunu düşünmürəm. Hazırkı təkərlərlə bir çox yarışda yalnız bir pit-stop kifayət edir. Mənim üçün elə yarışlar çox olub ki, daha çox dövrənin olmasını istəmişəm”.
Yeddiqat dünya çempionu əksinə, Formula 1 yarışlarının daha uzun olmasını istədiyini vurğulayıb. Onun fikrincə, Formula 1 sürücülər üçün həm fiziki, həm də zehni baxımdan ən tələbkar idman növlərindən biri olmalıdır.