Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinin və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi tərəfindən Çandahar-Zarat sahəsində yerləşən 1830 və 1831 saylı istismar quyularının qazılması və istismarı dövrü üzrə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanması ilə bağlı iyulun 16-da Siyəzəndə ictimai dinləmə keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ictimai dinləmədə şirkətin baş ofisinin, “Azneft” İstehsalat Birliyinin, ekologiya idarəsinin, “Siyəzənneft” neft və qazçıxarma idarəsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin, hökumət və qeyri-hökumət təşkilatlarının, o cümlədən yerli icmaların nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, neft-qaz layihələrinin reallaşdırılması zamanı yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinin nəzərə alınması, o cümlədən neft sənayesində ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Daha sonra ekologiya idarəsinin mütəxəssisləri iştirakçılara “Siyəzənneft” neft və qazçıxarma idarəsinin Çandahar-Zarat sahəsində 1830 və 1831 saylı istismar quyularının qazılması və istismarı dövrü üçün hazırlanmış ƏMTQ sənədinin məqsədi, yerli və beynəlxalq qanunvericiliyin tələbləri, layihə ərazisində həyata keçirilən ilkin ekoloji tədqiqatlar, ərazisinin flora və faunası, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi planı haqqında söz açıb, təqdimat keçiriblər. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib.
İctimai dinləmədə verilən rəy və təkliflər nəzərə alınaraq ƏMTQ sənədinin yekun variantı hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək.