Aşıq Ulduz Sönməzin Rəşid Behbudov adına Mahnı Teatrında 65 illik yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək tədbir sentyabrın 30-da baş tutacaq. Sənətçinin yubiley gecəsində aşıq və muğam ifaçıları iştirak edəcəklər.

Bu barədə Axşam.az-a açıqlamasında Ulduz Sönməzin qızı Sədaqət Ulduz məlumat verib:

“Qonaqlarımız əsasən tanınmış aşıqlar olacaq. İrandan da aşıqlar dəvət etmişik. Onların səhnədə deyişmələri baş tutacaq. Yubiley mərasimində həmçinin Gülyaz-Gülyanaq Məmmədova bacıları, əməkdar artistlər Elnarə Abdullayeva, Gülüstan Əliyeva iştirak edəcəklər”.

Sədaqət Ulduz artıq anasına xüsusi hədiyyə etdiyini bildirib:

“Mənim xüsusi hədiyyəm artıq evdə olunub. Anam yaşıl qaşlı bir üzük bəyənirdi, onu almışam. Dəyərini açıqlaya bilmərəm. Mən xoşlamıram, avtomobil, ev alıb açarlarını səhnədə təqdim edəsən. Mən səhnədəki hədiyyəmi öz ifamla edəcəm”.