Əməkdar artist: "Artıq hər şey gec idi, biz dost kimi ayrıldıq..." - FOTOSESSİYA

Əməkdar artist: "Artıq hər şey gec idi, biz dost kimi ayrıldıq..." - FOTOSESSİYA
00:22 9 Yanvar 2015
315 Şou
Ölkə mətbuatı
A- A+

“Yoldaşım məndən 12 yaş kiçikdir”
Əməkdar artist Ruhəngiz Musəvinin Milli.Az-a müsahibəsi.

- Ruhəngiz xanım, illər keçir, amma tamaşaçılar sizi ilk vaxtlardan necə görüblərsə elə də qalmısınız... Gözəlliyinizi kimdən almısınız?

- Ruhəngiz xanımı Allah bu cür yaradıb. Məndə təbiilik var, yalanı sevmirəm. Daxili dünyam ilə xarici dünyam bir-birini tamamlayır. Sevib-sevilmişəm və hər zaman şən əhval- ruhiyyədə olmuşam. Məni yaşadan və saxlayan sənətimdir və tamaşaçılardır. Bəzən mənə deyirlər ki, sizin üz cizgiləriniz heç dəyişməyib, necə var idisə elə də qalıb (gülür). Təbii ki, bütün bu xoş sözlər mənə gözəl əhval-ruhiyyə bəxş edir.

- Ruhəngiz xanım, həm aktrisa oldunuz, həm də müğənni. Hansı sahə sizdə daha uğurlu alındı?

- Biz elə bir vaxtda sənətə gəlmişik ki, bütün tanınmış simaları görmüşük. Mən gözəl rejissorlarımızdan, istedadlı müğənnilərimizdən bəhrələnərək həm aktrisa, həm də müğənni olmuşam. O vaxt hər müğənnini filmə çəkmirdilər, yaxud efirə çıxarmırdılar. Rəşid Behbudov ilə bütün dünyanı gəzmişəm. 1976-cı ildə Azərbaycanda ilk gəmi hərəkət edərkən mən o gəminin "Gözəl"i olmuşam. Mənim o vaxt uzun saçım, iri gözlərim vardı. Ümumiyyətlə, bizim şərq qadınları hamısı gözəldir və surətpərəstdirlər.

- Nəsiminin nakam Şəmsini çox incidiblər?

- Bəli, həyatda məni çox incidiblər. Heç bir insan deyə bilməz ki, mən ona pislik etmişəm. Amma mənə qarşı diqqətsiz davrananlar olub. Mən o vaxt Mahnı Teatrında çalışırdım, Tofiq Quliyevin yaradıcılıq gecəsi idi. “Nəsimi” filmindəki Şəms obrazına İsa Hüseynov mənim çəkilməyimi istədi. O dedi ki, mən Şəmsimi tapmışam. Baxmayaraq ki, bu rolda çəkilmədim, amma Həsən Seyidbəyli bu obraza məni çəkmək istəyirdi. Onlar deyirdilər ki, sizdə əsl şərq qadını obrazı var. Rəşid Behbudov “Nəsimi” filmində çəkilməyimə razılıq vermədi. Həsən Seyidbəyli ondan mənim üçün icazə alarkən o cavabında demişdi: “Bura sizin üçün nədir? Ya get kinoya çəkil, ya da müğənniliyini et” (gülür). Mənə o filmdə çəkilmək qismət olmadı.

- Çəkildiyiniz filmlərin içərisində ən yadda qalanı “Baladadaşın məhəbbəti” oldu... Filmin uğurlu alınmasının başlıca meyarını nədə görürsünüz?

- Bəli, bu film indiyə kimi sevilir və baxılır. Həm uğurlu rejissor işi, həm də aktyor qrupu filmin baxılması üçün başlıca səbəbdir. Ad çəkməyəcəyəm, o filmə baxan bəzi aktyorlar deyirdilər ki, bilsəydik, rejissordan xahiş edib Şamilin yerinə səninlə biz çəkilərdik. Görün hazırda çəkilən hansı film bu qədər maraqlı olur? Onun üçün də gərək insan işinin peşəkarı olsun.

- Ruhəngiz xanımın ilk məhəbbəti yadına gəlir?

- Mənim ilk məhəbbətim olmuş şəxs dünyasını dəyişib. İlk məhəbbəti yaşayanda 18 yaşım var idi. ”Həyat bizi sınayır” filmində baş rolda çəkilən Fikrət adlı aktyoru sevmişəm. Amma o mənə dost kimi yanaşıb. Bu faktı ilk olaraq sizə açıqlayıram. Onun çox pak siması var idi, mən ona vurulmuşdum. Amma illər keçdi, bir gün mənimlə görüşdü və etiraf etdi ki, həyatımın ən böyük səhvini səninlə evlənməməkdə etdim. Hətta o mənə evlilik təklifi də etdi... Mən belə düşündüm ki, tanınmış müğənni olduğum üçün o mənimlə ailə qurmaq istəyir. Niyə bəs o zaman mənə evlilik təklifi etmirdi... Artıq hər şey gec idi. Biz dost kimi ayrıldıq...

- Amma sonra ailə həyatı qurdunuz. Ayrılmağınıza səbəb nə oldu? Axı siz hamı ilə yola gedən bir xanımsınız...

- Həyat yoldaşımla 10 il yaşayandan sonra bəzi səbəblər üzündən ayrılmağa özüm qərar verdim. O mənim filmlərdə çəkilməyimim tərəfdarı deyildi. Buna görə də bir neçə filmdən gələn təklifi qəbul etməmişdim. 2-ci dəfə isə sevib ailə həyatı qurdum. Yoldaşım məndən 12 yaş kiçikdir. O məni həqiqətən də çox sevib. Mən deyirdim ki, sən subay oğlansan, öz yaşıdınla evlən. Bu insan mənim qayğımı çəkirdi, hara gedirdimsə mənimlə birlikdə gedirdi. Amma o hazırda işi ilə bağlı xaricdə yaşayır.

- Hal-hazırda ayrılmısınız? Əlaqələriniz varmı?

- Sözün düzünü deyim ki, əlaqələrimiz əvvəlki kimi deyil. Amma onunla 10 il yaşamışam, aramızda qarşılıqlı sevgi olub. Bir-iki dəfə zəng edib, danışmışıq. Biz ayrılmamışıq, sadəcə olaraq işlə bağlı xaricdə yaşayır.

- Ruhəngiz xanım, teleaparıcı Günel Musəvinin sizin qızınız olduğunu deyirdilər. Bu, doğrudurmu?

- Xeyr, Günel mənim qızım deyil. Mənim bir qızım var, bir nəvəm. Allah Riyadımı mənə çox görməsin. Bütün istəyim, sevgim hazırda nəvəmədir. Hər müğənni bu yaşda xalqın sevgisini uzun illər saxlaya bilmir. Mən bu gün də bunu bacarıram. Hazırkı müğənnilərə qarşı xalqın sevgisi tükənib. Amma bəyəndiyim müğənnilər də var. Röyanı çox bəyənirəm. O, Azərbaycan musiqisinə yenilik gətirib. Xatun, Sevda Yahyayeva, Ayan da bəyəndiyim müğənnilərdəndir.

Əli Rəhimoğlu
Milli.Az

























Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/315758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR