Əməkdar artist Abbas Bağırovun Milli.Az-a müsahibəsi.

- Abbas, sənətinizdə nə kimi yeniliklər var?

- Hal-hazırda sənətimdə ən böyük yenilik konsertimlə bağlıdır. Möhtəşəm bir solo konsert verməyi planlaşdırırıq. Çox güman ki, bu konsert yeni ilə yaxın baş tutacaq. Yeniliklərim bununla bitmir, bundan əlavə mahnılarımdan ibarət albom çıxarmağı da düşünürəm.

- Son konsertiniz neçə il bundan əvvəl baş tutub?

- Son solo konsertim 2014-cü ildə Yaşıl teatrda baş tutmuşdu. Nəhayət ki, 3 il sonra gözəl bir konsertim olacaq. Adətən mən 1 günlə kifayətlənmirəm, çox güman ki, bu konsertim də 2 gün olacaq.

- Sizin kimi tanınan müğənnilər adətən ildə bir konsert verir. Sizdə niyə bu vaxt uzandı?

- Konsert vermək asan bir iş deyil. Bu da bir məsuliyyətdir. Orada səslənən musiqilər insanların zövqlərini oxşamalıdır, səhnə tərtibatı da daha yaxşı olmalıdır. Heç vaxt konsert vermək xatirinə, konsert vermərəm. 2014-cü ildə verdiyim konsertimə də bir neçə il öncədən hazırlaşmışdım. O vaxt bu konsertim də hər müğənninin verə biləcəyi konsertlərdən deyildi.

- Amma gəlin etiraf edək ki, bir o qədər də bəyənilməmişdi.

- Zövqlər təbii ki, müxtəlifdir. Biri var zövqlü insan, biri də var zövqsüz insan. Mən əminliklə deyə bilmərəm ki, konsertdən hamı razı gedib. Bu, normal bir şeydir.

- Aygün Kazımova Crystal Hall-da möhtəşəm konserti ilə hamını heyrətləndirdi. Əminsiniz ki, tamaşaçıları təəccübləndirəcəksiniz?

- Bilirsiniz, mən 5-6 il əvvəl Röya və Miri Yusifin Heydər Əliyev adına sarayda baş tutan konsertində oldum. Orada elə bir dekorasiya qurulmuşdu ki, mən həqiqətən də təəccüblənmişdim. İnanmadım ki, ondan sonra kimsə nəsə etsin. Crystall Hall böyük səhnədir. Aygün xanım da orda konsert verdi. Rəqqaslar, səhnə tərtibatı hər şey əla idi. Hamı istəyir ki, konsert verəndə yeni bir şey etsin. Kiminsə təkrar etmədiyi konsert Maykl Ceksonun verdiyi konsertlərdir. Çünki onun bir konsertinə 100-150 milyon pul xərclənir. Bizdə də o qədər maddiyat olsaydı, biz də edərdik. Amma o bir dəfə olacaq və bitəcək. Biz onsuz da Azərbaycanda tamaşaçıları kifayət qədər təəccübləndirə bilirik. Aygün xanımın da elə klipləri var ki, bu günə kimi heç kim təkrar etməyib. Zülfiyyən Xanbabayevanın da, Röyanın da elə layihələri var ki, heç kim təkrarlamayıb. Mən demərəm ki, bu konsertləri təkcə bir nəfər edir. 2006-cı ildə Londonda klip çəkdirəndə onda heç kim xaricdə klip çəkdirmirdi. Hər bir müğənni istəyir ki, öz tamaşaçısını qeyri-adi yeniliyi ilə sevindirsin. Bu əslində yaxşı bir xüsusiyyətdir.

- Deməli Aygün Kazımovanın konsertindən də yaxşı olacaq?

- Əlbəttə, niyə olmasın ki? Bunu hər bir insan, sənətini sevən sənətçi edə bilər. Bir misal çəkim. Xalq artisti Brilyant Dadaşova milli geyimdə vokaliz oxuya-oxuya səhnəyə çıxdı. Brilyant xanımdan bu günə qədər heç kim belə bir şey görməmişdi. Çox da gözəl alınmışdı.

- Brilyant xanımla münasibətiniz necədir?

- Əla, çox yaxşı.

- Deməli barışmısınız?

- Bəli, hətta ad günündə zəng edib təbrik də etmişdim. Bizim aramızda heç vaxt soyuqluq ola bilməz. Brilyant xanım gözəl sənətkardır, milyonların sevimlisidir. Onun haqqında pis nəsə danışmaq olmaz.

- Eyni sözləri Faiq Ağayev haqqında deyə bilərsiniz?

- Xeyr, deyə bilmərəm.

- Nədənsə həmişə qalmaqallardan uzaq qaçmısınız. Amma zaman-zaman qalmaqal sizi də yaxalayıb.

- Özümü qalmaqalda, lazımsız müzakirələrdə görmürəm və ora yaxın durmuram. Mən vaxtımı boş-boş şeylərə sərf etmirəm. Ya idman edirəm, ya ciddi musiqi ilə məşğul oluram, ya da ailəmə vaxtımı ayırıram. Zaman-zaman olur ki, məni də qalmaqala sürükləyirlər. Amma yenə də susuram, mədəniyyətimi gözləyirəm. Mən özüm əgər o haqda danışmıramsa, deməli deyilən sözlərə heç kim inanmamalıdır. Mənim İnstagram səhifəm var, gündəlik həyat tərzimi orada paylaşıram. Ona görə də artıq danışanlar, paxıl insanlar çoxdur. Onlardan qaçmaq mümkünsüzdür, çünki onlar ətrafımızdadır. Boş-boş danışanlara cavab vermək mənim tərbiyyəm üçün deyil.

- Sənətə yeni gələn gənclərə dəstək olursunuz?

- Gənclərin içində istedadlıları da var, istedadsızları da. İstedadı olanlara təbii ki, dəstək oluram. Çünki vaxtilə mənə də dəstək olanlar olub. İstedadsızlardan isə qətiyyən danışmaq istəmirəm.

Əli Rəhimoğlu

Milli.Az