Əməkdar artist Vasif Məhərrəmlinin Milli.Az-a müsahibəsi.

- Vasif bəy, adətən müğənnilər gec yatıb, gec də yuxudan dururlar. Siz necə, tezdən oyananlardansınız?

- Yalan deyərəm ki, hər gün səhər saat 6-da dururam. Bəzən səhər verilişinin aparıcılarına həsədlə baxıram. Çünki onlar artıq sənət fədailəridir. Mən yalnız səhər verilişlərinə dəvət alanda tezdən oyanıram. Adi günlərdə bəzən tezdən oyanıram, gedəcək bir yerim olmadığı üçün yenidən yatıram.Mən eşitdiyimə görə toy olmayanda müğənni dostum Abbas Bağırov axşam saat 11-də yatır. Kaş mən də onu edə bilsəydim... Bax ona yaxşı mənada qibtə edirəm. Nəinki müğənni, siz mənə elə bir insan göstərə bilərsinizmi saat 2-dən tez yatsın? Bu çox çətin bir işdir. Hətta səhər saat 7-də də durub işə gəlsən axşam saat 2-dən tez yatmırsan.

- Siz o sənətçilərdənsiniz ki, hər il demək olar ki, 1 klip tamaşaçıların ixtiyarına verirsiniz. Amma nədənsə son zamanlar kliplərinizə çox az rast gəlinir. Demək olar ki, yox dərəcəsindədir.

- Klip çəkdirməməyimin əsas səbəbi efirlərdə klip saatının olmamasıdır. Əgər klip bazarında rəqabət olsa, bu kimi hallar baş verməz. Sonuncu dəfə mən "Əsli-Kərəm" mahnıma klip çəkdirdim. Onu qalmışam hansı kanala verim ki, efirdə göstərsinlər. Klip Youtube səhifəmdən başqa heç bir yerdə getmir. Mən bu qədər əziyyəti youtube üçün çəkirəm? Bu efirdə də getməlidir axı. Əziyyətimin qarşılığını görməyəndə istər-istəməz həvəsdən düşürəm.

- Repertuarınıza son əlavə etdiyiniz "Unuda bilmirəm" mahnısı demək olar ki, orijinalı qədər sevildi. Bu mahnını sizə qədər bir çox həmkarlarınız oxumuşdu. Niyə məhz sizin ifanızda daha çox sevildi?

- Bu mahnı böyük sənətkarımız, rəhmətlik Məmmədbağır Bağırzadənindir. Həmkarlarım canlı oxumuşdular, canlı heç vaxt zapisin effektini vermir. İnsanlara canlı musiqi xoş gəlir, amma canlı fonoqramın effektini vermir. Mən bu mahnını oranjman etdirib, özüm kimi oxudum. Öz boğazlarımı, öz xırdalıqlarımı etdim. Əgər sevildisə, nə xoş mənə.

- Bəzi müğənnilər var ki, toylardan imtina ediblər. Səbəb kimi isə həmin müğənnilərdən həmkarlarının mahnılarını oxumaq tələb olunub. Bəs siz necə, toylarda kimin mahnılarını oxuyursunuz?

- Məni öz repertuarıma görə toylara dəvət edirlər. Toydan imtina edən müğənni yoxdur. Toy gəlmir deyə bilmir nə desin, deyir ki, imtina etdim. Bu artıq bəhanədir.

- Pul gələn yerdən kim imtina edər ki?

- Söhbət təkcə puldan getmir. Bu sənin sənətindir. 2 ay Məhərrəmlik olur, müğənnidə oxumağa qarşı aclıq yaranır. Bu enerjini xərcləyəcəyin bir yer olmalıdır. O da hal-hazırda toydur. Bir ətək puldan kim imtina edər ki?

- Vasif Məhərrəmli hansı toylardan imtina edir?

- Qonorarda razılaşmayanda təbii ki, imtina edirəm. Məsafədən asılı olmayaraq məni hara çağırırlarsa, ora da gedirəm.

- Deməli toy bazarınızda vəziyyət yaxşıdır?

- Bəli, çox yaxşıdır. Həmkarlarımın bəziləri ola bilər ki, toylardan şikayətlənsin, amma mən aza da qane olan insanam, çoxa da. Buna görə də şükür edirəm. (Elə bu zaman musiqi prodüsseri Asif Kərimov gəlir). Mən zamanında Asif Kərimovun əlindən su içmişəm. Vaxt olub ki, 1 şirvana da oxumuşam. Əgər mən, özümdən də çox savadlı, oxunmuş bir insandan da çox məvacib alıramsa, nədən narazı olmalıyam?

- Asif Kərimovla hazırladığınız "Bakılı qız" mahnısı sizi demək olar ki, tamaşaçılara sevdirdi. Amma bir müddət bir-birinizdən aralı düşdünüz. Asif Kərimovun yanınızda olmaması ilə siz nəyi itirdiniz?

- Asif Kərimovun yanımda olmaması ilə mən böyük layihələri itirdim. Bu da öz günahım idi. Populyarlıq, məşhurluq bəzən insanı çaşdırır.

(Asif Kərimov müdaxilə edir) Hər bir insanı döyməyə adam lazımdır. İnsan döyüləndə yaxşı yol tutur. Elə ki, əlini çəkdin o yolunu azır. Döymək deyəndə kötəkləməkdən söhbət getmir. Sözlə döymək kötəklə döyməkdən də effektli olur.

- Asif müəllim, madam ki, müsahibəmizə biganə qalmadınız o zaman sizə bir sualım daha var. Bəzi müğənnilər deyir ki,Asif Kərimov sırf mənimlə işləməlidir. Olmaya Vasif Məhərrəmlidə də bu cür qısqanclıq oldu?

- Mənim konservatoriya diplomumda yazılmayıb ki, Mətanət İsgəndərli və Vasif Məhərrəmli ilə işləməlisən! Mən bütün müğənnilərə aidəm. Bəstəkarın müğənniyə, müğənninin bəstəkara böyük ehtiyacı var. Hər bir sənət adamının ömrünün sonuna qədər kənardan görücüyə və tənqidçiyə ehtiyacı var. Ən böyük yazıçıların da tənqidçiyə ehtiyacı var ki, onları tənqid etsinlər.

Əli Rəhimoğlu

Milli.Az