​“Ya Azərbaycanda qalıb bu sənətlə sağollaşacaqdım, ya da...”

“Ya Azərbaycanda qalıb bu sənətlə sağollaşacaqdım, ya da Amerikada davam etdirəcəkdim...”

Dünyaya Lənkəranda göz açan, kariyerasını Amerikada davam etdirmək məcburiyyətində qalan azərbaycanlı tanınmış videoqraf Röyal İsmayilov Metbuat.az saytına keçdiyi uğur yolu və bu yolda qarşılaşdığı maneələrdən danışdı.

Metbuat.az tanınmış videoqrafla olan müsahibəsini təqdim edir:

- Əvvəlcə sizi daha yaxından tanıyaq...

- 1985-ci il avqustun 29-da Lənkəran şəhərində anadan olmuşam. Uşaqlıq illərim Almaniyada keçib. 6 il sonra – 1991 ci ildə Lənkarana qayıtmışıq. Orta təhsilimi Lənkəran şəhər 2 saylı orta məktəbdə tamamlamışam. 2010-cu ilə qədər usta kimi fəaliyyət göstərmişəm.


- Bu sahəyə necə gəlmisiniz? İlk işləriniz nələr olub?

- 2010-cu ildən sonra əmim oğlu Emin İsmayılovla birlikdə foto sənətilə məşğul olmağa başlamışıq. 2011-ci ildə “Azərbaycan qadını” jurnalında işləməyə başladım. Daha sonra 2 il bizneslə məşğul oldum. 2013-cu ildə Emin İsmayılov və qardaşım Şəhriyarla birlikdə ilk videomu çəkdim. Bu videonu “Youtube”dakı maşın videoroliklərinə baxıb həvəslənərək, eyni zamanda içimdəki həvəsi öldürmək üçün çəkdim. Yəni, nə vaxtsa bu işlə məşğul olacağımı heç düşünməzdim. Montaj edib səhifəmə yerləşdirdikdən sonra düşündüm ki, bundan da yaxşı video çəkə bilərəm. Həmin vaxt televiziyada İlkin Həsəninin “Avto” verilişi gedirdi. Qardaşıma dedim ki, mən bu işi görəcəm və İlkin Həsəni mənə özü zəng edib iş təklif edəcək... Belə də oldu. İlk işim “Diamond Tuning”in rəhbəri Elnur Namazov ve onun komandasının tuning etdiyi “Chevrolet Camaro SS” markalı maşına çəkdiyimiz video oldu. Montaj etdikden sonra gecə saat 12 radələrində paylaşdım. Həyəcanla izləyicilərin münasibətini gözləyirdim. Adətən Azərbaycanda ilk addım atan insanlara dəstək olanların sayı çox azdır. Uğurununa sevinmək əvəzinə tərs mesajlar yazıb, səhvlər tutub, həvəsdən salan çoxluq üstünlük təşkil edir. Bunu edənlər özləri heç bir işə yaramayan, evdə oturub bu işdən anlayışı olmayan, ya da tam əksinə, işdən anlayışı olub, amma paxıllıq edən insanlar olur. Video gözlədiyimdən də uğurlu alındı. 1 gün ərzində təkcə “Youtube”da 31.000 dəfə baxıldı. Hər kəsin fikri müsbət oldu və bu məni daha da həvəsləndirdi. Həmin həftə ərzində tanıdığım insanlardan çox rəy aldım. Hətta bəziləri videonu mənim çəkdiyimi bilməyib “Bax, Azərbaycanlı uşaqlar necə video çəkib” – deyərək mənə göndərirdilər. Videonu mənim çəkdiyimi deyəndə inanmaq istəmirdilər. Çünki hər kəs məni sadəcə ev təmir edən usta kimi tanıyırdı. Hətta tanımadığım insanlarla söhbət əsnasında bir neçə dəfə mənə “Azərbaycanda maşın videolarını çəkən biri var - Röyal İsmayılov. Onu tanıyırsan?”- deyə sual verən həmsöhbətlərim olub. Daha sonra “Chevrolet Azərbaycan”dan təklif aldım və beləcə videoqraf işi ilə məşğul olmağa başladım.

- İlkin Həsəni ilə sonradan əlaqə qura bildinizmi?

- Bəli, yay ayları idi. İlkin Həsəni iş təklifi ilə bağlı mənə yazdı. O vaxta qədər İlkinlə Facebook vasitəsilə əlaqə saxlayırdım. Hərdən çəkdiyim videoları ona göndərərək fikirlərini alırdım. Belə, məqsədimə çatmış oldum.

- Burada işləriniz yaxşı ikən Amerikaya getmək fikrinə necə gəldiniz?

- Azərbaycanda çəkdiyim videolara görə məni “Avtoxuliqanlığı təbliğ edən” biri kimi qələmə verib xəbərlər yazmağa başladılar. Bəzi xəbər saytları bunu paylaşdı. Həmin vaxt sıxıntılar yaşadım. Hətta xəbəri yayan insana yazdım ki, mənim haqqımda niyə belə xəbərlər yazıb başımı ağrıdırsınız? Cavab olaraq mənə "yaxşı edirəm" - yazdı. Sonra məqsədin nə olduğunu anladım. Bu, əvvəldən hazırlanmış bir xəbər idi. Bəzi adamların bizdə işə verdiyi qiymət bu qədərdir. Mən də Amerikaya getməyi seçdim.

- Hollivuda getməyiniz məqsəd, yoxsa məcburiyyət idi?

- Hollivuda gəlməyimə səbəb problemlərlə qarşılaşmağım oldu. Seçim qarşısında qaldım. Ya Azərbaycanda qalıb bu sənətlə sağollaşacaqdım, ya da Amerikada davam etdirəcəkdim. Buraya gəlməyim istəklə deyil, səbəblə bağlı idi.

- Amerikada bu işə necə dəyər verilir? Sizə münasibət necədir?

- Burada görülən işə, insanların düşüncəsinə münasibət çox fərqlidir. Video çəkdiyin zaman işinin maddi və mənəvi tərəfi qiymətləndirilir. İnsanlar işinə hörmətlə yanaşır, işin yaxşı alınması üçün sənə dəstək verir, fikirlərini də tənqid yox, məsləhət şəklində bildirirlər. Üstəlik onu etməyin üçün yolunu da izah edirlər. Məsələn, videonun bir kadrını sevmədikləri zaman “Bəyənmədim, çox pisdir!” – demirlər. Sadəcə mədəni şəkildə “Bu kadrı mən çöldə yox, içəridə, səhralıqda yox, meşədə çəkərdim” – deyirlər. Bizdə isə çəkdiyin videoya belə mesaj gəlir: “Get, özünə sənət tap!”, “Maşının rəngi xoşuma gəlmədi”, “Mən bundan yaxşı çəkərəm”. Videoya aid olmayan fikirlər yazılır. Bunu hamıya şamil etmirəm, amma əksəriyyəti belə fikirlər yazır. Videonu paylaşan zaman onun haqqında rəy gözləyərkən, sadəcə mahnının adını, hansı proqramla işlədiyimi və ya hansı kamera ilə çəkdiyimi soruşurlar. Sanki burada olsa hər kəs videoqraf sənətini anlayacaq və çəkiliş edə biləcək. Verilən dəyər göz qabağındadır.

- Oradakı rəqabət mühiti ilə mubarizə apara bilirsiniz?

- Amerikada, xüsusilə Los-Ancelesdə bu sahədə çox böyük rəqabət var və bu rəqabətə əvvəlcədən hazır olmaq lazımdır. Azərbaycanda bu işə başlayan zaman sadəcə Orxan Tağırov vardı. İndi isə hamı video çəkir. Azərbaycanda məni videoqraf Röyal İsmayılov kimi tanıyırdılarsa, burada kamera və montaj işini bilən insanlardan biriyəm. Bura filmin mərkəzi olduğu üçün fərqlənmək çox çətindir. Hazırda “Buta Video Production”da çalışıram və bu ad altında fəaliyyətimi davam etdirmək istəyirəm. Şirkət mənim buradakı dostlarımındır. Sağ olsunlar, dəstək olublar.

- Maykl Ceksonun oğluna klip çəkməyinizlə bağlı mediada xəbərlər yayılıb.

- Brendonla olan ortaq işimizə gəlincə, taleh məni təsadüfən onun meneceri ilə qarşılaşdırdı. Gözəl gülərin birində, O, mənə zəng vuraraq yeni albomları üçün təcili yeni fotosessiya etməyin lazım olduğunu bildirdi. Məsələ ondadır ki, Birləşmiş Ştatlarda professional fotosessiyalar müqavilə əsasında həyata keçirilir və bu proses bir neçə həftə uzana bilər. Fotoqraf Nicat Burciyev ilə birlikdə musiqiçinin yeni işıq üzü görəcək albomu üçün fotosessiya etdik. İki gündən sonra Brendonun meneceri yenidən zəng edərək yeni il üçün videoçarx çəkməli olduğumuzu bildirdi. Biz onunla görüşüb bəzi detalları müzakirə etdikdən sonra çəkiliş prosesinə start verdik. Çəkilişi bir günə bitirdik. Montajı isə iki gün çəkdi. Zəhmətimiz hədər getmədi və gənc ifaçı bizimlə işbirliyindən çox razı qaldı. Brendon Maykl Cekson haqda danışmağı sevmir. Bu məsələ ilə bağlı gündəmə gəlməyin əleyhinədir. Lakin Brendon qohumlarının onu rədd etməsinə baxmayaraq, əlində əsaslı dəlillərin olduğunu bildirir.

- Qarşıdakı hədəfləriniz nələrdir?

- Qarşıdakı hədəfim bu sənətlə tanınmaq və böyük işlərə imza atmaqdır. Bu ay qısametrajlı film çəkib film festivalına göndərməyi düşünürəm. 2 ildir Amerikanın “Vossen Wheels” şirkəti ilə çalışıram. Yeni proyekt üzərində çalışıram. Tezliklə bunu paylaşacam.

- Hollivudda qazandığınız təcrübələri gələcəkdə ölkəmizdəki gənclərə öyrətmək istərdiniz?

- Qazandığım təcrübəni həmişə bölüşmüşəm və yeni başlayan hər kəsə kömək etməyə hazıram. Hətta bununla bağlı gələn sualları çalışdığım qədər cavablandırıram. Mən işə başlayan zaman suallarımı görməzdən gəlirdilər. Eynisini mən etmək istəmirəm.

- Ölkəmizdə kinematoqrafiya sahəsinin inkişafını necə dəyərləndirirsiniz?

-Bizim filmlərə baxıram. Bəyəndiyim də olur, bəyənmədiyim də. Bir şey var ki, o filmə əziyyət çəkilir, vaxt sərf edilir. Bu sahə yeni inkişaf etdiyi üçün hörmətlə yanaşmaq lazımdır. İnşallah getdikcə daha da yaxşı filmlərimiz olacaq. Buna inanıram. Sadəcə bir az təcrübə lazımdır. Eyni zamanda, yeni kadrlardan – gənclərdən yararlanmaq lazımdır. Tamaşaçı kimi filmdə eyni simaları görmək də yorur. Filmlərə qazanc mənbəyi kimi yox, incəsənət kimi yanaşılsa, daha yaxşı olardı. Həmçinin rejissorlar filmə tamaşaçının qiymət verməsini gözləsələr, daha yaxşı olar.

- Son olaraq oxucularımıza nə demək istəyərdiniz?

- Bu sahədə çalışanlara dəstək olsunlar. Ən əsas da yeni başlayanlara. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Fikirləriniz işimizin yaxşı, pis alınmasına təsir edir. Siz pozitiv olsanız və düzgün vaxtda doğru fikir söyləsəniz, film, video sahəsində çalışan insanlara dəstək olmuş olarsınız. Çünki bütün bunlar siz izləyicilərin rəyindən asılı olaraq daha yaxşı ola bilər.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sən demə, 17 yaşında... Oya Ergünün cavan qalmağının qəribə sirri - MÜSAHİBƏ/FOTOLAR – Oxumaq üçün tıklayın!




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR