“Ordu günü ilə bağlı etiraz aksiyası Ermənistan cəmiyyətinin bugünkü vəziyyətini göstərir” – Şair Ramaldanov

Xəbər verdiyimiz kimi, İrəvanda Ermənistan ordusuna qarşı adsız aksiya keçirilib.

Metbuat.az-ın məlumatına görə, yanvarın 28-də Ermənistan ordusunun yaranma günü münasibətilə İrəvanda aktivistlər tərəfindən hərbi xidmətə dair bir sıra tələblərlə bağlı adsız aksiya keçirilib.

Suallar İrəvandakı piyada keçidlərindən birində yerləşdirilib Məlumata görə, aksiya Bağramyan küçəsinin (erməni prezidentinin iqamətgahı yerləşən ərazi) keçidində baş tutub. Qaldırılan problemlərə “Xalq-Ordu” konsepsiyası ilə əlaqədar 2016-cı ildə Vigen Sarkisyanın çıxışından sitatlar daxil edilib.

Digər tərəfdən, yanvar ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-i təxribat, 1-i qəza, 1-intihar, 1-i isə dəm qazından boğulma nəticəsində baş verib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Ermənistanda ordu ilə bağlı etiraz aksiyası birinci dəfə deyil: “Bu artıq ənənəvi hal alıb. Əsas səbəb də bəllidir - bu gün Ermənistanda olan gənclərin Qarabağda xidmət etmək istəməməsi. Əsas etirazlardan biri də valideynlərin öz uşaqlarının Ermənistandan kənarda, işğalçı qüvvələrin tərkibində xidmət aparmasını istəməməsidir. Səbəb isə Qarabağda yerləşən işğalçı qüvvələrin içində olan nizam-intizama zidd olan münasibətlərdir. Bu gün Ermənista və Rusiya ekspertləri də bu məsələ haqqında deyiblər ki, erməni əsgərdən soruşublar, sən daha çox azərbaycanlı hərbçilərdən qorxursan, yoxsa öz komandirindən? Bu o deməkdir ki, orada olan komandir və heyəti tərəfindən əsgərlərə qarşı həm psixoloji, həm də fiziki təzyiq olur”.

Hərbi ekspert deyir ki, yanvar ayı ərzində cəmi bir itki döyüş şəraitində olub, yəni bizim tərəfimizdən onların törətdiklərin təxribatın qarşısı alınan zaman: “Digər 3 ölüm isə qeyri-döyüş şəraitində olub. Bu da təhlükəsizlik məsələri və nizam-intizamın aşağı olması, hərbçilərin arasındakı münasibətlərlə bağlıdır. Bir-birini güllələmə, özünəqəsd və dözümsüzlük nəticəsində də itkilər olur. Əlbəttə bütün bunlar cəmiyyəti narahat etməyə bilməz. Bunlar hələ aşkar olunan faktlardır, yəni 4 ölümdən başqa işğal altındakı Qarabağ ərazisində 19 nəfər də yaralı olub. Əgər ordu günü ilə bağlı etiraz aksiyası keçirilirsə və ordu cəmiyyətin güzgüdür deyiriksə, bu artıq Ermənistan cəmiyyətinin bugünkü vəziyyətini göstərir. Bu gün bizim əsgər, bizim çağırışçı hərbi xidmətə gedəndə bu prinsip üzərində öz xidmətini aparır ki, deyir, “ya qəhrəman olacam, ya da şəhid”. Bu, Qarabağ problemi illərdir canına hopmuş əsgərimizin mövqeyidir. Həmin gənc torpaqların işğalı ilə barışmır, yalnız Qarabağı işğaldan azad etmək barədə düşünür. Ancaq qarşı tərəf təbii ki, bu prinsiplə yanaşmır.

Bizim əsgərlərimiz Ali Baş Komandan, dövlət başçısının ətrafında birləşərək eyni mövqedən çıxış edir. Əlbəttə ki, məntiqi olaraq biz bu cür mövqeyi qarşı tərəfdən görmürük.Sosial problemlər altında əzilən, iqtisadi inkişafdan, böyük layihələrdən kənarda qalan Ermənistan təbii ki, öz cəmiyyətini narahat edir. Bizim əsgər xidmətə gedəndə cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrində görür ki, canlanma gedir, evlər, obyektlər tikilir, infrastruktur inkişaf edir və s. bunlardan zövq alır. Ancaq erməni əsgəri işğal altındakı Qarabağa gələndə nə görür, dağılmış evlər, bərbad olmuş yollar, heç bir infrastruktur yoxdur, xarabalığa çevrilən yerlər, yol gedəndə hər kənddə bir-iki adam və s. Orada olan insanlar da daima qorxu içərisində, “görəsən Azərbaycan torpaqları nə vaxt azad edəcək” deyə düşünərək yaşayır. Ona görə də bizim əsgərlərimizlə onların əsgərini müqayisə etmək olmaz. Bunlara görə də erməni valideynlər uşaqlarını Ermənistandan çıxarmağa çalışır. Bilirsiz ki, əsgər gedən gənclərdir, tələbələrdir. Orada tələbələrin də haqqı tapdalanır, möhlət hüququ ləğv edilib əsgər aparılır. Ona görə də Ermənistanda etirazlar olub, olur və bundan sonra da qeyri-konstruktiv yol tutulsa, Azərbaycanın haqq səsini eşitməsələr, beynəlxalq hüquqlara əməl etməyib işğalçı siyasəti davam etdirsələr, daima cəmiyyətin etirazı ilə qarşılaşacaqlar. Sağlam Ermənistan cəmiyyəti də istəyir ki, rəhbərlik bu problemləri görsün və Qarabağ məsələsini həll etsinlər. Ermənistanın dirçəlişi, sosial problemlərinin həll olunması Qarabağ məsələsinin həll olunmasından gedir. Qarabağ məsələsi Ermənistana maddi, mənəvi, fiziki cəhətdən zərbə vuran, ziyan gətirən məsələdir. Bizim siyasətimiz, üstünlüyümüz özünü göstərir və bu, gələcəkdə də öz nəticəsini göstərəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

"Qeyrətini qorumaq üçün övladını göndərir ki, get, vuruş!" – Yaşar Aydəmirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı