Ramazana hazırlıq

Müqəddəs Ramazan ayının başlamasına bir aydan az bir müddət qalıb.

Metbuat.az bildirir ki, 2018-ci ilin Ramazan ayının təqviminə əsasən Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir ay müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.

İlahiyyatçılar Ramazan ayı başlamadan oruc tutmaq istəyənlərə bəzi məsləhətlər görürlər.

İlahiyyatçı Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında bildirib ki, insanlar bu ayda nə edəcəklərini öncədən düşünməlidirlər:

"Yəni, elm və təfəkkür əsasında oruc tutsunlar. Bu oruc nə üçün vacib olur, orucun şəriət hökümlərinin hikmətləri, orucun əxlaqi, etiqadi hökmlərinin nə olduğunu öncədən bilsinlər. Allahın böyüklüyünün ağlasığmaz olduğu düşüncəsi ilə ibadətə yaxınlaşsınlar. Həm əxlaq, həm etiqad cəhətdən orucu, Allahı həyatlarının birinci pilləsinə gətirməyi bacarsınlar. Oruc "sadəcə tutdum, bitdi" anlaşılmasın. Oruc təkamül üçün qərar verilmiş bir ibadətdir. Dinimizdə də oruc tutan insanların yalnız mədə orucu yox, bütün bədən hissiyyatı və orqanlarının günahlardan çəkinərək oruc olması tövsiyə olunur. İnsanlar bu və bundan daha artıq düşüncələrlə oruca yaxınlaşsınlar”.

Həkimlər isə orucu daha sağlam tutmaq üçün Ramazan ayı başlamadan orqanizmi hazırlamağı məsləhət görürlər. Bunun üçün etməli olduqlarımız:

1. Hər gün səkkiz stəkan su içməyə çalışın.

2. Hər səhər mütləq yemək yeyin.

3. Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın.

4. Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.

5. Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir.

Xəyalə Məmmədova / METBUAT.AZ

"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR