Son günlər mətbuat və sosial şəbəkələrdə müzakirə olunan mollalara maaş verilməsiylə bağlı məsələnin yeni təfərrüatları məlum olub.
Metbuat.az xəbər verir ki, internet üzərindən yayımlanan APA.TV-də “İlham Tumasla 40 dəqiqə” verilişində qonaq olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, burada mollalar deyil, din xadimləri nəzərdə tutulur:
“Bir də din xadimlərinə maaş deyil, maddi dəstək veririk. Çünki maaş qarşılıqlı əmək müqaviləsinin bağlanması ilə verilir. Amma bu, maddi dəstəkdir. Bununla bağlı müqavilə tərtib olunub, orada icraçı və təminatçının öhdəlikləri öz əksini tapır. Bu müqavilə əsasında Qafqaz Müsəlmanlar İdarəsinin rəsmi təyinatını alan və məscidlərdə fəaliyyət göstərən din xadimlərinə pul veriləcək”.
Aparıcı İlham Tumasın maddi köməyin neçə nəfərə şamil olunacağı ilə bağlı suala cavab verən qonaq bildirib:
“Ümumi Azərbaycan üzrə din xadimlərinin sayı 1000 nəfərdən çoxdur. Bildiyiniz kimi Cənab Prezident Fonda 6,1 milyon manat vəsait ayırıb. Bu vəsaitin böyük əksəriyyəti maddi yardıma gedəcək. Ayrılan vəsaitlə həmçinin dini təyinatlı ədəbiyyatın çapı, sənədli və qısametrajlı film nəzərdə tutulur”.
Məlum olub ki, imamlar 400, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arasında maddi kömək alacaqlar.
Yeri gəlmişkən, o da məlum olub ki, din xadimlərinə maddi kömək Qafqaz Müsəlmanları İdarəsinin Mənəvi Dəyərlərin Təbliği Fonduna müraciəti əsasında baş tutub.
Verilişdə mövzu ilə bağlı mübahisəli fikirlər də səsləndirilib.
Verilişə aşağıdakı linkdən baxa bilərsiniz: