Dövlət Miqrasiya Xidmətindən özəl reportaj – VİDEO/FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində son dövrlərdə xüsusi canlanma müşahidə olunur.

Bu dəfə Metbuat.az-da Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, xüsusilə də Çağrı Mərkəzi və İctimaiyyətlə Əlaqələr İdarəsinin işi ilə bağlı ətraflı məlumat verəcəyik.

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinin rəisi Samirə Cəfərova deyir ki, 919 Çağrı Mərkəzi artıq 10 ildir fəaliyyət göstərir:

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi 2008-ci ildən fəaliyyətə başlayıb və hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na tam olaraq cavab verir, həmin istiqamət üzrə fəaliyyət göstərir. Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi 3 dildə fəaliyyət göstərir – Azərbaycan, ingilis və rus dillərində. Müraciət edən şəxslərin, vətəndaşların miqrasiya qanunvericiliyi sahəsində hüquqi maarrifləndirməsində 919 Çağrı Mərkəzinin böyük rolu var. Belə ki, müraciət edən şəxslərin miqrasiya sahəsində olan sualları canlı rejimdə cavablandırılır”.

Samirə Cəfərova deyir ki, Çağrı Mərkəzi şöbəsinin əsas vəzifələri miqrasiya sahəsində hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək, şəxsləri miqrasiya orqanlarına müraciət etmə və elektron xidmətlərdən istifadə qaydaları, miqrasiya orqanlarına ünvanlanan təklif, ərizə və şikayətlərin, o cümlədən elektron müraciətlərin icra vəziyyəti, miqrasiya orqanlarına müraciət zamanı müraciətin məzmunundan asılı olaraq tələb olunan sənədlər barədə məlumat verməkdir. Eyni zamanda, daxil olan sualları təhlil etməklə miqrasiya qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud ziddiyyətlərin aradan qaldırılmasına dair təkliflər vermək, miqrasiya orqanları tərəfindən tətbiq edilən inzibati tənbeh tədbirləri barədə daxil olan sualları cavablandırmaq və miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları barədə müraciətləri qəbul etmək də əsas vəzifələr sırasındadır.

Çağrı mərkəzi şöbəsində aparılan telefon danışıqları qeydə alınır və bu barədə müraciət edən şəxsə əvvəlcədən məlumat verilir. Çağrı mərkəzi şöbəsi canlı rejimdə müraciətləri bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü saat 09:00-dan 13:00-dək fasiləsiz olaraq cavablandırır. Mərkəzdə eyni zamanda buraxılmış və qeyri-iş saatlarında sifariş olunmuş zənglərlə əks əlaqə yaradaraq müvafiq xidmət göstərilir.

Çağrı Mərkəzi şöbəsinin əməkdaşlarının sözlərinə görə, şöbənin bir əməkdaşı gün ərzində təxminən 100-ə yaxın, ay ərzində isə 1500-dən çox zəng qəbul edir.

Çağrı Mərkəzi şöbəsinin inspektoru Səadət Vəliyevanın sözlərinə görə, gün ərzində zəng sayı fərqli olur, 70-80, bəzən isə 100-dən çox, 110-120 zəng qəbul edirlər: “Bu yay fəslindən asılıdır. Mövsümarası, yayla əlaqədar zənglər daha çox olur. Məlumdur ki, turistlər gəlir ölkəyə, bununla bağlı da əsasən iyun, iyul, avqust aylarında zənglərimiz çox olur. Sonrakı dövrdə isə adi qaydada, 60-70-80 zəngimiz olur. Ay ərzində bir əməkdaş təxminən 1500-2000 arası zəngə cavab verir. O da yenə də mövsümdən asılıdır. Yay ərzində zənglərimiz daha çox olur, sentyabrdan isə nisbətən azalır”.

Çağrı Mərkəzi şöbəsinin digər inspektoru Vüsal Eldarov isə deyir ki, zənglər əsasən Miqrasiya sahəsindəki qanunvericiliklə bağlı olur, ikili vətəndaşlıqla bağlı, vətəndaşlığa qəbul, vətəndaşlıqdan çıxmaq, eləcə də müvəqqəti yaşamaq icazəsinin verilməsi, daimi yaşayış icazələrilə bağlı müraciətlər olur: “Eləcə də əcnəbilərin ölkəyə gəldiyi tarixdən hansı müddətdə qeydiyyata alınması ilə bağlı çoxlu suallar ünvanlanır bizə. Biz də çalışdığımız qədərilə vətəndaşları bu sahədə məlumatlandırırıq”.

Şöbənin baş inspektoru Aygün İsmayılovanın sözlərinə görə, ümumilikdə Çağrı Mərkəzinə ay ərzində 12 mindən çox zəng daxil olur: “Zənglər əsasən Azərbaycan ərazisinə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşayış icazələrinin alınması, Azərbaycanda əmək fəaliyyətilə məşğul olmaq üçün iş icazələrinin alınması, həmçinin vətəndaşlığa qəbul, xitam, bərpa məsələlərilə bağlı olur”.


Dövlət Miqrasiya Xidmətinin fəaliyyətilə bağlı ictimaiyyəti məlumatlandırmaq işi Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsinin üzərinə düşür. İdarənin rəis müavini Füzuli İsmayılov deyir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr işi son dövrlərdə kifayət qədər genişlənib. Füzuli İsmayılovun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin sayı kifayət qədər artıb:

“İstər mətbuatla iş, istər ictimaiyyətlə iş, istər xidmətin gördüyü, həyata keçirdiyi işlərlə bağlı cəmiyyətin məlumatlandırılması, maarrifləndirilməsi bizim İdarə tərəfindən həyata keçirilir. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr işində aparılan islahatlar təbii ki, Xidmət rəisinin təşəbbüsüdür. Çünki cəmiyyətin məlumatlılığı nə qədər çox olarsa, bu zaman qanunvericiliyin tələblərinin pozulması halları bir o qədər az olar.Ona görə də məlumatlandırma, maarrifləndirmə işinin həyata keçirilməsi həm sosial şəbəkə üzərindən olur, həm də mətbuatda. Bu işdə Kütləvi İnformasiya Vasitələrinin dəstəyini xüsusi qeyd etmək istəyirəm və təşəkkürümüzü bildiririk. Media mənsubları bizə yaxından köməklik göstərir. Kütləvi İnformasiya Vasitələrinin Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin sayı kifayət qədər artıb. Biz var qüvvəmizlə çalışırıq ki, edilən müraciətlər qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində cavablandırılsın. Kütləvi İnformasiya Vasitələrinin miqrasiya mövzusuna marağı bizim də həm işimizə daha məsuliyyətlə yanaşmağımızı tələb edir, həm də üzərimizə böyük məsuliyyət qoyur. İctimaiyyətin və medianın müəyyən qədər nəzarət funksiyası da var ki, Dövlət Miqrasiya Xidməti də öz fəaliyyətində bütün bunları nəzərə alır.”

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin sosial şəbəkə hesabları da kifayət qədər aktivdir. Xidmətin “Facebook”, “Tvitter” və “Youtube” hesabları var. Xüsusilə “Facebook” səhifəsindəki xidmət cəmiyyətdə və izləyicilər tərəfindən rəğbətlə qarşılanır. “Facebook” sosial şəbəkəsi üzərindən Dövlət Miqrasiya Xidmətinə müraciət etmək istəyənlər öz müraciətlərini ünvanlayırlar və dərhal da müraciətlərinə cavab ala bilirlər.

Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı isə 3 dildə fəaliyyət göstərir, Azərbaycan, rus və ingilis dillərində. Son dövrlərdə saytda kifayət qədər dəyişiklik edilib. Saytda “Azərbaycana xoş gəlmişsiniz” pəncərəsi yaradılıb. Xidmətin rəsmi saytında olduğun yer üzrə qeydiyyat üçün ayrıca pəncərə yaradılıb ki, bu pəncərəyə daxil olmaqla olduğu yer üzrə müraciət imkanları haqqında çox asanlıqla məlumat almaq mümkündür. Həmçinin saytda elektron kalkulyator yerləşdirilib ki, əcnəbi ölkəyə daxil olduğu tarixi qeyd etməklə hansı müddətə qədər qeydiyyata düşməli olduğunu rahatlıqla öyrənə bilir.

Bundan əlavə, xidmətin rəsmi saytında vətəndaşlıq məsələləri alt bölməsi yaradılıb. Burada da xarici ölkənin və yaxud başqa dövlətlərin vətəndaşlığını alan şəxslərin bu barədə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyi vasitəsilə müraciət etmələrini diqqətə çatdıran video material yerləşdirilib.

Xidmətin Qəbul şöbəsinə də gün ərzində çoxlu sayda müraciətlər olur. Qəbul şöbəsinin zallarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün zəruri olan məlumatların həm məlumat lövhələrində, həm də video formatda yerləşdirilməsi təmin olunub. Xüsusi postlar hazırlanıb və bunlar da qəbul zallarında yerləşdirilib. Monitorlar quraşdırılıb və həmin monitorlarda elektron nömrəni hər kəsin görə biləcəyi sahədə yerləşdirilib ki, müraciət edən şəxslər bu imkanlardan istifadə edə bilirlər.

Bir sözlə, Dövlət Miqrasiya Xidməti vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğu üçün var qüvvəsilə çalışmağa davam edir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı