Amazon meşələrində yanğınlar Andlarda buzların əriməsini sürətləndirib

Amazon meşələrində yanğınlar Andlarda buzların əriməsini sürətləndirib
09:05 1 Dekabr 2019
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

And dağlarında buzların vəziyyətinin təhlili göstərib ki, son on il ərzində Amazon cəngəlliklərində baş vermiş güclü yanğınlar onların əriməsi prosesini 5 faiz sürətləndirib. Yaxın illərdə yanğınların miqyasının artması nəticəsində atmosferdə toz təbəqəsinin artması bu ərazidə daha böyük fəsadlara səbəb ola bilər. Bu barədə iqlimşünaslar "Scientific Reports" elmi jurnalında dərc edilmiş məqalədə yazıblar.

Alimlər qeyd ediblər ki, BMT yanında İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) proqnozları yaxın on ildə və yüzillikdə Amazon meşələrinin daha çox quruyacağı barədədir. Bu səbəbdən həmin regionun cənub-qərbində baş verən yanğınlar artıq lokal deyil, Andların bir çox guşələrinin sakinlərini su mənbələrindən məhrum edəcək kontinental problemə çevrilib.

Planetin yaşıl ağciyəri

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekoloqların hesablamalarına görə, Amazon tropik meşələri 5,5 milyon kvadratkilometr ərazini əhatə edir. Yer kürəsinin canlı orqanizmlərində yığılan karbon qazının 10 faizi və hər il hasil olunan bioloji kütlənin həmin miqdarda həcmi bu regionun payına düşür. Bundan başqa, Amazon meşələrində bütün fotosintezləyici orqanizmlərin hasil etdiyi oksigenin ümumi həcminin 6 faizi havaya buraxılır.

Bu regionun planetin həyatında belə ciddi rolu iqlimşünasları və ekoloqları artıq əlli ildir ki, onun taleyini fasiləsiz olaraq izləməyə vadar edir. Müşahidələr iqlim peykləri, yerüstü meteoroloji stansiyalar və başqa metodik vasitələrlə həyata keçirilir. Son illər aparılan ölçmələr ekoloqlarda Amazon meşələrinin taleyi haqqında ciddi narahatlığa səbəb olub.

Bir tərəfdən, alimləri Amazon meşələrinin kütləvi şəkildə qırılması narahat edir. Bu mənfi tendensiya son bir neçə onillikdən sonra yenidən sürətlənib. Bundan başqa, iqlimşünasların tədqiqatları göstərir ki, yaxın on ildə Cənubi Amerikanın tropik meşələrində vəziyyət yağıntıların azalması və temperaturun artması nəticəsində daha qeyri-stabil olacaq. Bu proseslər gələn yüzilliyin əvvəlində həmin meşələrin tamamilə yoxa çıxmasına gətirib çıxara bilər.

Qrenobl Alp Universitetinin alimi Patrik Qinonun rəhbərliyi ilə braziliyalı və fransız iqlimşünaslar qlobal isinmənin əsas fəsadlarından birini və insanın Amazonlara hücumunu - artıq on ildən çoxdur ki, hər ilin yaz və yay aylarında baş verən kütləvi meşə yanğınlarını araşdırıblar.

Yanğınların uzun izləri

Alimləri yanğın nəticəsində atmosferin yüksək səviyyəsinə qalxan küllərin və hisin Cənubi Amerikanın başqa regionlarına, o cümlədən And dağlarının ətrafına yayılması ehtimalıdır. Məsələ ondadır ki, dağların ətəyində buz ehtiyatları yığılıb və onlar bir çox iri çayların, o cümlədən Amazonun su mənbəyini təşkil edirlər. Qrenlandiya buzlaqlarının tədqiqi göstərib ki, onların əriməsi Kanadada baş verən yanğınlar nəticəsində sürətlənib. Həmin yanğınlardan sonra buz təbəqəsi küllər və hisslə örtülüb. Qino və həmkarları And dağlarının zirvəsinin də bu cür təsirə məruz qalması ehtimalını yoxlayıblar. Bu yüksək zirvələr çox hündürdə olduqları və dağ ətəklərinin küləklərindən qorunduqları üçün yanğınların təsirinə məruz qalmırlar. İqlimşünaslar Boliviyanın La-Pas şəhərinin yaxınlığında yerləşən Zonqo buzlağının müxtəlif yerlərinə bir neçə ekspedisiya təşkil ediblər və 2000-2016-cı illər ərzində onun vəziyyətini öyrəniblər. Mütəmadi olaraq qar və buz nümunələri götürən alimlər bu yolla And dağlarının həmin hissəsinə nə qədər yağıntının düşdüyünü, onun tərkibində kül və tozun miqdarını və ilin ən isti aylarında hansı dərəcədə isindiyini hesablayıblar. İqlimşünaslar bu məlumatları 2002-ci ildən bəri Amazon meşələrində yanğınları müşahidə edən Amerikanın "Aqua" iqlim peykinin apardığı ölçmələrlə müqayisə ediblər. Həmin müqayisə göstərib ki, yanğınlar nəticəsində meydana hələn kül və tozun əhəmiyyətli bir hissəsi And dağları üzərində yüksəyə qalxaraq Zonqo zirvəsinin üzərinə düşür.

Alimlər onu da müəyyən ediblər ki, meşə yanğınlarının sentyabra, Cənub yarımkürəsində yazın başlamasına təsadüf edən pik vaxtında bu kül və toz təbəqəsi sayəsində buzlağın hər kvadratmetri 10 Vt əlavə isti alır. Onlar bildiriblər ki, bu isinmə buzların əriməsini təxminən 5 faiz sürətləndirir. Eyni zamanda, tozun bu əriməyə təsirinin küldən daha çox olduğu müəyyən edilib.

Alimlərin hesablamaları göstərir ki, Amazon meşələrindən And dağlarına çatan kül və tozun miqdarı yaxın gələcəkdə baş verəcək quraqlıq və Braziliya fermerlərinin əkin sahələrini genişləndirməsi nəticəsində daha da artacaq. Bunun nəticəsində Zonqo və başqa buzlaqların əriməsi prosesi 11-13 faiz sürətlənəcək ki, bu da onların mövcudluğunu təhlükə altında qoyacaq, habelə Cənubi Amerika ölkələrində təmiz içməli su təchizatını xeyli çətinləşdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR