Magistraturaya sənəd qəbulu elan edildi

Magistraturaya sənəd qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2024-cü il yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.

İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan Cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi Esse vərəqləri paylanılır.

Qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı