“İstər Əfqanıstanda, istərsə də İranda qadın hüquqlarına münasibəti görə-görə Azərbaycan cəmiyyətində oxşar yanaşmaların müdafiə olunması bizim üçün həm sosioloji, həm də düşüncə baxımından araşdırılmalı məsələdir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib:
“İrandan on minlərlə azərbaycanlı qadın Azərbaycandakı insanlara müraciət edərək desə: “Siz nəyin uğrunda mübarizə aparırsınız? Biz bizə zorla qəbul etdirilən bu həyat tərzindən imtina etməyə çalışırıq. Siz isə bunu xüsusi, ali bir dəyər kimi görürsünüz. Əgər bunu bu qədər dəyərli hesab edirsinizsə, gəlin, İranda yaşayın”.
Təbii ki, hicab İslamın atributlarından biri kimi qəbul olunur. Lakin atribut özlüyündə bir simvoldur və dəyişən xüsusiyyət daşıya bilər. Bu, tövsiyədir, onu xüsusi və mütləq bir əmr kimi təqdim etmək doğru deyil. İranda bu atributun zorakılıq yolu ilə tətbiq edilməsinin nəticələrini isə həmin cəmiyyət müqavimət göstərərək aradan qaldırmağa çalışır. Sən isə onların yaşadığı cəhaləti könüllü şəkildə qəbul edib yaşamaq istəyirsən”.
Fazil Mustafa bildirib ki, bu cür yanaşmalara qarşı düzgün anlayışları izah etməklə mübarizə aparmaq mümkündür:
“Azərbaycanın çağdaşlıq modelinin zədələnməsinin qarşısını almaq üçün hamımız cəmiyyəti səfərbər edə bilərik. Bunun yolu isə qeyd etdiyim kimi, doğru anlayışları izah etməkdən və cəmiyyətə düzgün qəhrəmanlar, örnəklər təqdim etməkdən keçir”.