25 yaşlı Maykol Koroseo Akuna Bolviyadakı Madidi Milli Parkında, Tuiçi çayının sahilində idi. O, "Max Adventures" turizm şirkətinin təşkil etdiyi tura qatılmışdı.
Milli.Az National Geographic-ə istinadən bildirir ki, axşam saatlarında düşərgəni tərk edən Maykol cəngəlliyə tərəf gedib. Bundan sonra onu görən olmayıb.
Səhər saatlarında Maykolun yoxa çıxdığı bəlli olub və onun axtarışlarına başlanıb.
Polis əməkdaşları ilə yanaşı, hərbçilərin də cəlb olunduğu axtarışlar 9 gün davam edib. Fəqət, Maykol tapılmayb.
9 gündən sonra Tuiçi çayının qarşı sahilindən Maykolun qışqırığı eşidilib: "Ehey! Mən buradayam!"
Çili vətəndaşı olan Maykolun dediyinə görə, onu tropik cəngəllikdə xilas edənlər meymunlar olub. Məhz primatların sayəsində o, aclıqdan və susuzluqdan ölməyibmiş.
"Meymunlar mənə ağaclardan meyvələr atırdılar. Sonra da çaya tərəf olan yolu göstərdilər və geri qayıda bildim", - turist söyləyib.
"Madidi National Park"ın direktoru Marid Uzqunyanın dediyinə görə, parkın reyncerləri Maykolun yalan danışdığını düşünmürlər.
"Max Adventures"un direktoru Feyzar Nava isə söyləyib: "Akuna parka apardığımız bir qrup turistdən biri idi. Gəzintidən qayıdanda o, təlaşlı, narahat təsir bağışlayırdı. Nə baş verdiyini soruşanda "hər şey normaldır" söylədi. Daha sonra yerli hinduların "Paçamama" bayramına qatıldıq. Bu bayramda hindular Ana Təbiətə minnətdarlıq edir, meşəyə girmək üçün icazə istəyirlər. Bayram axşamı Akuna yoxa çıxmışdı".
Turizm şirkəti Akunanı tapmaq üçün düşərgəyə hətta şaman da çağırıb. Akunanın çirkli corabını götürən şaman çilili turistin ruhu ilə əlaqə yaratmağa çalışıb.
Daha sonra şaman bildirib ki, turist "Paçamama" bayramında Ana Təbiətə sayğısızlıq etdiyi üçün meşə onu cəzalandırıb.
Akuna deyib: "Meşədə itəndə çox qorxdum. Gecəni ağacda keçirdim. Ertəsi gün isə ac və susuz idim. Məni bir dəstə meymun gördü. Onlar mənə yardım etdilər. Yuxarıdan mənə meyvələr atırdılar, sonra bulağın yerini göstərdilər. Şər qarışanda isə yatmaq üçün ağaca tərəf apardılar. Ayaqqabılarımı bir kənara atdım, çünki cəngəllikdə ayaqqabılarla yerimək narahatdı. Sonra mobil telefonum və fənərim söndü. Şamanlara, nə də Ana Təbiətin ruhuna inanmıram. Məni Boliviya cəngəlliklərində Tanrı qorudu, Tanrı xilas etdi".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:









