O, Ukraynanın prezidenti olmaq istəyir? - Saakaşvilinin məqsədi...

O, siyasi fəaliyyətinə 1995-ci ildə başlayıb. Gürcüstan parlamentinin deputatı, daha sonra 2000-ci ildə ədliyyə naziri, Tiflisin meri olub.

2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş "Qızılgül" inqilabının əsas ideya müəllifi olub və 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan prezidenti seçilib. 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanıb.

2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya səfər edib. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili prezident Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.

M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib. Bu ilin iyulunda isə Petro Poroşenko Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Poroşenko ilə aralarında yaranmış narazılıq səbəbindən o, Ukraynanı tərk etməli olub.

Ancaq Saakaşvili sentyabrın 13-dən başlayaraq Ukraynanın bütün bölgələrini gəzəcəyini bəyan edib. Həftəsonu Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsinə gələn eks-prezident məntəqəyə toplaşan tərəfdarlarının köməkliyi ilə polis barrikadasını yararaq ölkəyə keçib.

Qeyd edək ki, Gürcüstanın baş prokurorluğu Saakaşviliyə qarşı dövlət əmlakını mənimsəmə haqqında ittiham irəli sürüb və barəsində şifahi həbs qərarı verib. Gürcülər dəfələrlə Ukraynaya onun ekstradisiyası haqqında müraciət etsələr də, tələbləri cavabsız qalıb. Bundan əlavə, Saakaşviliyə Ukraynada da sərhəddi qanunsuz keçmə ittihamı ilə də cinayət işi açılıb.

Son məlumata görə isə, Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yoxa çıxıb. O, qaldığı oteldən gecə yarısı çıxıb, amma geri qayıtmayıb. Onun vəkili Saakaşvilinin harada olmasından xəbərsiz olduğunu bildirib. O da dəqiqdir ki, “Yeni güclərin hərəkatı”nın lideri Ukrayna sərhədlərini tərk etməyib.

Bütün bunların fonunda bir sual maraqlı gəlir - Saakaşvilinin Ukraynaya geri qayıtmasının, bütün bu gərginliklərin əsl məqsədi nədir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, Saakaşvilinin məhz Ukraynaya getməsi Qərb tərəfindən düşünülmüş ssenarilərlə həyata keçirilir: “Bildiyiniz kimi, 2019-cu ildə Ukraynada prezident seçkiləri keçiriləcək. Bu prezident seçkilərində də bir nöqtəyə vura biləcək birləşmiş müxalifət yoxdur. Saakaşvilinin gətirilməsinə əsas səbəb birləşmiş müxalifəti yaratmaqdır. Bu o demək deyil ki, müxalifətin gələcəkdə prezident seçkilərində Saakaşvilini prezident seçəcəyi məsləhət görülür. Artıq Timoşenkonun məhz bu məsələlərdə iştirakına görə, hiss edilir ki, onun müəyyən bir rol ilə hakimiyyətə qaytarılması nəzərdə tutulur”.

Politoloq deyir: “Əgər Saakaşvilinin heç bir pasportu yoxdursa, eyni zamanda giriş vizası yoxdursa, o necə bir xırda mitinqlə gəlib Ukraynanın ərazisinə keçə bilir? Bu, müəyyən mətləblərdən xəbər verir. Düşünürəm ki, burada hətta mümkün Ukrayna iqtidarının da özünün marağı ola bilər. Çünki həmin o yaradılacaq müxalifət vasitəsilə bir sıra təkliflərlə özünü doğrultmayan və ya özünə Poroşenkonun ətrafına qarşı zidd hərəkətlər güdən şəxslərin aradan götürülməsi, siyasətdən, vəzifədən uzaqlaşdırılması üçün bir tendensiya yaradılır. Məhz buna görə də düşünürəm ki, Saakaşvilinin Ukraynada olması, hətta qorxmaması ki, onu Gürcüstana ekstradisiya edə bilərlər, ailəsinin Gürcüstana köçməsi bütün bunlar müəyyən mətləblərdən xəbər verir. Düşünürəm ki, bütün bunlar hamısı düşünülmüş ssenarinin bir hissəsidir. Bütün bunların sonu birləşmiş müxalifətin yaradılması ilə nəticələnə bilər. Bir sıra müxalif qüvvələrin Tomoşenko-Saakaşvili cütlüyü ilə meydana çıxarılması gözlənilir”.

Günay Elşadqızı \ METBUAT.AZ

Aleksandr Lapşinin anası Azərbaycana gəlib - Səbəbi isə... - OXUMAQ ÜÇÜN TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI