“Bu onu göstərir ki, Azərbaycan nə qədər çətin və ikiüzlü tərəflə üzbəüzdür”

Ermənistan prezidenti Serj Sarkisyan hər zaman olduğu kimi bu dəfə də ziddiyyətli açıqlaması ilə vətəndaşlarını aldatmaq istəyib.

Metbuat.az-ın məlumatına görə, o, Müdafiə Nazirliyinin Milli Təhqiqat və Təhlükəsizlik Universtitetindəki çıxışı zamanı prezidentlərin Cenevrə görüşündən sonra razılaşdırılmış məqamlardan əlavə heç bir bəyənat verilməməklə bağlı öhdəliyə sadiq olduğunu iddia edib. Ancaq bütün dünyaya məlumdur ki, 16 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən qısa müddət sonra Sarkisyan eməni lobbisi ilə görüşüb və görüşün mahiyyətinə uyğun olmayan açıqlamar verib. Sarkisyan İsveçrənin erməni icması ilə görüşündə Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində qalmağına dair razılığa imza atmayacağını bildirmişdi.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Serj Sarkisyan həm dünya ictimaiyyətini, həm də Ermənistan cəmiyyətini təəccübləndirməkdə davam edir: “Bu insan özünü çox qeyri-ciddi aparır və ətrafdakıların yaddaşı olmadığına ümid edir. Cenevrədə prezidentlərin görüşündən az müddət keçəndən sonra orada erməni diasporasının nümayəndələri ilə görüşərkən görüşün mahiyyəti barəsində məlumat verib. Bu isə əlbəttə ki, görüşün digər tərəfi olan Azərbaycanın narazılığına səbəb oldu. İndi isə onun iddia etməsi ya Sarkisyanın gələcək görüşlərə görə qorxu keçirməsindən, ya da ətrafdakı insanların yaddaşının olmamasına ümid etməsindən ibarətdir. Bu da onu göstərir ki, Azərbaycan nə qədər çətin, ikiüzlü və proqnozlaşdırmaq mümkün olmayan tərəflə üzbəüzdür. Bəlkə də o hesab edir ki, bu cür aktyor oyunları ilə status-kvonu uzada biləcək, Azərbaycanı daima aldatmaq mexanizmi yaradacaq və s. Hesab edirəm ki, bunlar hamısı onun xülyalarıdır, ortada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi durur. Ermənistan buna riayət etməlidir. Nə qədər tez edəcəksə, Ermənistanın özü üçün bu yaxşıdır, etməyəcəksə, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün digər məsələlər üzərində ciddi düşünməli olacaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı