“O terror aktı törədilməsəydi, Sarkisyan indi...” - Sahib Alıyev

Bu gün Ermənistan parlamentinə silahlı basqından 18 il ötür.

Metbuat.az-ın məlumatına görə, 1999-cu il 27 oktyabrda Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələyib.

Silahlı dəstənin başçısı, keçmişdə jurnalist, sabiq Daşnaksutyun üzvü, 34 yaşlı Nairi Hunanyan 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, "Qarabağ hərəkatının" ilk çağlarında gənc fəalların tətil və nümayişlərinin iştirakçısı olub. Şahidlər bildirib ki, silahlılar hücum zamanı dövlət çevrilişi baş tutduğunu elan ediblər. Parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara "ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!" çağırışı cavabsız qalıb. Prezident aparatının rəhbəri və prezident Robert Koçaryanla danışıqlardan sonra, dəstə ertəsi gün silahı yerə qoyub, təslim olub.

Millət vəkili Sahib Alıyev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, öldürülənlər Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlmək lazım olduğunu deyənlər idi: “Bu gün baş verən həmin olay haqda danışan erməni deputat Nikol Paşinyan bildirib ki, Serj Sarkisyanın rəhbərliyi dövründə bu qətli kimin təşkil etdiyinin üstü heç vaxt açılmayacaq. Elədir, açılmayacaq. Çünki açılsa bəlli olacaq ki, o zaman Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin başında duran Sarkisyan nəinki baş nazir, parlamentin spikeri və deputatların qorunmasını yetərincə təmin etməyib, əksinə, ən azından bunda, yəni onların məhv edilməsində maraqlı olub. Çünki həmin terror aktı törədilməsəydi, Sarkisyan indi prezident postunda deyil, həbsxanada idi. O da əgər sağ qalsaydı”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı