"Sarkisyan bu məsələni həll etməyəcək" - Millət vəkili

Ermənistan Prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir: “Həll yolu güzəştlərsiz mümkün deyil”.

“Publika”nın xəbərinə görə, Ermənistanın “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edir”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Azər Badamov isə qeyd edib ki, Sarkisyan Qarabağ məsələsinin tezliklə həllini istəməz, çünki, o özü, hakimiyyətə cinayət yolu, Qarabağın işğalı, əlini insanların qanına batırmaqla gəlib: “Prezidentlərin görüşlərinin keçirilməsi yaxşı haldır, çünki görüş keçirilirsə, bu məsələnin həlli üçün gündəmdə hansısa addımlar istiqamətində cəhdlər var deməkdir. Bu cəhdlərin olması təbii ki, xarici təsirlərin çoxalması, Ermənistanın iqtisadi vəziyyətinin çökməsi və beynəlxalq aləmdə Azərbaycanın apardığı xarici siyasətlə bağlıdır. Hər bir görüşdə prezident İlham Əliyev dövlət başçıları ilə birinci növbədə Dağlıq Qarabağ məsələsindən danışır. Bu məsələnin həll edilməsinin bizim üçün necə vacib olduğunu diqqətə çatdırır. Qarabağda çox təəssüf ki, uzun müddətdir işğal siyasəti davam edir. Sarkisyan aradabir açıqlamalar verməklə gündəmdə özünü göstərir. Özünün istəyi ilə olsa təbii ki, Sarkisyan bu məsələni həll etməyəcək. Amma düşünürəm ki, Ermənistanın düşdüyü böhranlı iqtisadi vəziyyət erməni xalqını məcbur edəcək ki, ölkədə rejim dəyişsin. Rejim dəyişəndən sonra inanıram ki, bu məsələ öz həllini tapacaq, çünki düşünmürəm ki, sadə ermənilər həmişə ağır vəziyyətdə yaşamağa davam edəcək. Onlar da istəyəcək ki, bugünkü Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən yararlansın. Ancaq müəyyən təhdidlər vasitəsilə Sarkisyan Qarabağın işğal prosesinə son qoya bilər. Və yaxud da bizim hüququmuzdur torpaqlarımızı müharibə yolu ilə alaq. Beynəlxalq hüquq da buna icazə verir, beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qətnamələr qəbul edir. İnanmıram ki, müharibəyə ehtiyac yarana, çünki Azərbaycanın dövlət başçısı bu yolun içindədir və ən düzgün yolu da o bilir. Yəqin ki, yaxın gələcəkdə məsələ həllini tapacaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı