“Onlar özünəhörmətə Madrid prinsiplərinə yanaşdıqları kimi yanaşırlar” - Sahib Alıyev

“Avropa Birliyi və Ermənistan arasında əməkdaşlıq anlaşmasıyla bağlı hayların şərhlərinə baxıram. Hamısı bunu birmənalı olaraq diplomatik qələbə kimi təqdim edirlər”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev Ermənistanla Avropa Birliyi (AB) arasında imzalanan hərtərəfli və geniş əməkdaşlıq haqda sazişə fikir bildirərkən deyib: “Uzun zamandır onların bizim üçün mühüm saydığım məsələlərlə bağlı nə yazdıqlarını və dediklərini izlədiyimdən gəldiyim bir nəticə var. Əgər hay ekspert və siyasətçiləri ağızdolusu hansısa bir qələbədən danışırlarsa, bu böyük bir uğrusuzluqlarını ört-basdır etmək üçün edilir.

Məsələn, aprel döyüşləri zamanı da buna bənzər açıqlamaları olurdu. İndi isə Avropa Birliyilə ikitərəfli anlaşmada Dağlıq Qarabağ konfliktinin Minsk qrupu həmsədrlərinin irəli sürdüyü üç prinsip əsasında həll edilməli olduğunun təsbitini böyük diplomatik qələbə və Azərbaycana zərbə kimi təqdim edirlər. Birincisi, hansı qələbədən söz gedə bilər ki, bu prinsip Madrid sənədlərində də öz əksini tapıb və Azərbaycan da buna hələ 10 il bundan öncə razılığını verib. Ona görə verib ki, orada bizim torpaq bütünlüyümüzü sual altında qoyacaq nəsə yoxdur.

İkincisi və ən əsası isə Brüssel sammitinə qatılan bütün ölkələrin, o sıradan da Ermənistanın adından yayılan birgə bəyannamədə tərəfdaş ölkələrin hamısının torpaq bütünlüyünə eyni yanaşma sərgilənir və dəstəkləndiyi vurğulanır. Bununla yanaşı Sarkisyanın partiyasının da üzv olduğu Avropa Xaq Partiyasının qurultayında da eyni yanaşma sərgiləndi. Üstəlik, Avropa Komissiyasının ticarət üzrə Baş Direktorluğu öz saytında üzv ölkələrin şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətinin yolverilməz olduğu haqda xəbərdarlıq yaydı”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın da altında imzası olan bu bəyyannamədə Azərbaycanın müstəqilliyinin və bütün torpaqları üzərində suverenliyinin dəstəkləndiyi vurğulanırsa, yuxarıda qeyd etdiyim daha iki sənədlə bu dəstək daha da möhkəmləndirilirsə, onda Avropa Birliyilə Ermənistan arasında bağlanan ikitərfli anlaşmada Dağlıq Qarabağ probleminin Minsk qrupu həmsədrlərinin irəli sürdükləri üç prinsip üzrə həlli edilməli olduğunun öz əksini tapması hayların qələbəsi yox, dalana dirənməsi deməkdir. Çünki 28 üzv və 6 da tərəfdaş ölkənin adından verilən bəyannamadə Azərbaycanın torpaq bütünlüyünü dəstəkləyənlər Minsk qrupu həmsədrlərinin irəli sürdükləri həll variantına da razılıqlarını bildirirlərsə, bu, o deməkdir ki, orada ölkələrin torpaq bütünlüyü sual altında qalmır”.

S.Alıyevin sözlərinə görə, bu, həm də o deməkdir ki, özünə hörmət edən hər hansı dövlət, onun rəhbərləri bundan sonra həmin həll variantında guya Dağlıq Qarabağın müstəqilliyinin də öngörüldüyünü iddia edə bilməz, etməməlidir: “Əlbəttə, bir daha vurğulayırıq özünə hörmət edən dövlət və rəhbərləri. Amma elə həmin sammit zamanı da gördük ki, söhbət Ermənistan və rəhbərlərindən gedirsə, onlar özünəhörmət anlayışına da Madrid prinsiplərinə yanaşdıqları kimi yanaşırlar.

2013-cü ilin sentyabrında Moskvaya çağırılaraq Avropa Biriliyilə Assosasiya anlaşmasına getmələrinə qadağa qoyulan Serj Sarkisyanın sammitdəki çıxışında bu anlaşmanın guya Avropa Birliyinin təqsiri üzündən baş tutmadığını deməsi də elə bunun təsdiqi deyilmi? Bu həm də onun təsdiqi deyilmi ki, hayların Dağlıq Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa və ağ yalana dayanır?!”

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı