“Maaşların artması vətəndaşların sosial rifahının artmasını təmin edən amildir” – Deputatlardan açıqlama

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev son günlər dövlət büdcəsindən maliyyələşən - təhsil, səhiyyə, sosial təminat, elm və elmi tədqiqat müəssisələrində çalışan vətəndaşların əməkhaqlarının 10% artırılması ilə bağlı sərəncam imzalayıb.

Metbuat.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, maaş artımı bu 4 kateqoriya üzrə, ümumilikdə, təqribən 355 min nəfərə şamil olunacaq. Nazirin sözlərinə görə, bu şəxslərdən təxminən 200 min nəfəri təhsil, 140 min nəfəri səhiyyə, 13 min nəfəri elmi - elmi tədqiqat, 2 min nəfəri isə sosial təminat müəssisələrində çalışanlardır.

Nazir bildirib ki, maaşı artırılan işçilərin əməkhaqlarının qarşıdakı 10 ay ərzində artımları üçün dövlət büdcəsindən əlavə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub: ““Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir. Bütün bu işlər əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, hər il dövlət büdcəsində bu məsələlərlə bağlı müəyyən vəsait nəzərdə tutulur: “Dövlət başçısı da bütün bunları nəzərə alaraq, aztəmiantlı ailələrdə, xüsusilə dövlət büdcəsi təşkilatlarında çalışan işçilərin maaşlarının artırılması ilə bağlı qərarlar qəbul edir. Bu, çox müsbət haldır, çünki insanlar müəyyən qədər əlavə gəlir qazanırlar. Ümumiyyətlə İlham Əliyev prezident seçiləndən hər il dövlət başçısı tərəfindən bu cür artımlar təmin olunur”.

Millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyir ki, dövlət başçısı mütəmadi olaraq büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması ilə bağlı qərarlar qəbul edir, sərəncamlar verir: “Bu isə həmin kateqoriyadan olan insanların sosial rifahının yüksəldilməsinə yönəldilən addımlardır. Bu, bir daha onu göstərir ki, ölkədə aparılan siyasət vətəndaşların güzəranının yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsinə yönəlib. Digər tərəfdən, əməkhaqlarının artırılması ölkə iqtisadiyyatının imkanları çərçivəsində həyata keçirilir. İqtisadiyyatımız gücləndikcə, gəlirlərimiz artdıqca, bu gəlirlər əlbəttə vətəndaşlarımızın, xüsusilə də büdcə təşkilatında çalışan işçilərin əməkhaqlarının yüksəldilməsinə yönəlir. Bu isə ölkədə aparılan siyasətin başlıca məqsədinin vətəndaşların maraqlarının müdafiə olunması deməkdir. Xüsusilə də müəllimlərin, səhiyyə işçilərinin maaşlarının artması eyni zamanda, təhsilin, səhiyyənin keyfiyyətinin yüksəldilməsi deməkdir. Yəni bu sahədə çalışan insanlara sosial qayğı ilə yanaşı, həm də həmin sahənin inkişaf etdirilməsi deməkdir. Yəni məsələn, müəllimin maaşı artdıqca, dərs keyfiyyəti də artır və s”.

Millət vəkili, Regional məsələlər komitəsinin üzvü Azər Badamov isə bildirib ki, bu sərəncamlar onu göstərir ki, Azərbaycanın dövlət siyasətinin təməlində vətəndaşın rifahı dayanır: “Maaşların artması da birbaşa onların sosial rifahının artmasını təmin edən amillərdən biridir.

Hər zaman demişik ki, ölkə vətəndaşının yaxşı yaşamasını təmin etməliyik, ayrı-ayrı sahələrdə əməkhaqlarının 10% artması da, birbaşa dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşmasına çox müsbət şərait yaradacaq. Cənab prezidentin sərəncamını çox müsbət qarşılayıram, bu, çox vacib addım idi. Düşünürəm ki, bundan sonra da mütəmadi olaraq əməkhaqlarının artırılması ilə bağlı cənab prezident sərəncamlar imzalayacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Kurqinyanın bir erməni kimi Sumqayıt hadisələri ilə bağlı həqiqəti deməsi vacibdir” - Açıqlamalar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı