“Bu, Azərbaycan dövlətinin qanunvericiliyinin pozulması olacaq” - BAXCP sədrinin müavini

Radikal müxalifət martın 10-da birgə mitinq keçirəcək.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı bir müddət öncə Milli Şura müxalifət partiyalarına müraciət etmişdi. Müsavat Partiyası Milli Şuranın birgə ümumxalq mitinqi keçirmək barədə müraciətinə müsbət yanaşsa da, REAL mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcəyini açıqlayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, Əli Kərimli ilə Cəmil Həsənlinin martın 10-a təyin edilmiş mitinqinə Bakı şəhər İcra Hakimiyyəti rəsmi icazə vermiş olsa da, bu, birbaşa Azərbaycan dövlətinin qanunvericiliyinin pozulması olacaq: “Bilirsiniz ki, Seçki Məcəlləsinə əsasən, seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Bu gün isə seçki təbliğatının başlamasına 13 gün qalır, yəni martın 19-da başlanmalıdır. Belə olan vəziyyətdə Milli Şura adlanan qurum hansı əsasla seçki mitinqi keçirə bilər?! Mətbuatda gedən məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırmaq istəyir.

Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, biz Əli Kərimlinin mitinqindən narahatıq. Qətiyyən! Onsuz da onun aksiyasına heç kim qoşulmayacaq və bu günə kimi qoşulmayıb da. Ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarıyıq, ancaq qanun pozulmadan. Martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər, amma bu, qanunla, martın 19-dan sonra həyata keçirilməlidir. Əli Kərimli ilə Cəmil Həsənlinin boykot çağrışına gəldikdə isə, onların bu çağırışı cəmiyyət tərəfindən dəstəklənməyəcək. Aprelin 11-də keçiriləcək prezident seçkisində radikal müxalifətin istənilən çağırışı seçki marafonuna hər hansı bir formda təsir etməyəcək! Hansı ümumxalq mitinqindən söhbət gedə bilər?

Artıq bu adamların çağırışına radikal düşərgənin özləri rədd cavabı verir. Bildiyimiz kimi, REAL hərəkatı mitinqə qoşulmayacağını bildirib. Rəsul Quliyevin partiyası Cəmil Həsənlini ən ağır formada ittiham edib. Bu adamların hər ikisi öz şəxsi maraqları üçün dostlarını, sədrlərini, hərəkat yoldaşlarını satanlar, öz maraqlarına hər kəsi qurban verməyi bacaranlardır. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Əli Kərimli 10 mart mitinqinə çox adam gəlməsi üçün cəmiyyətin ən murdar adamlarından istifadə edir və ən yaramaz təxribatlara əl atır”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı