Gündə 5 fincan şəkərsiz qəhvə içmək ürək xəstəlikləri, insult və 2-ci tip diabet riskinin azalda bilər.

Metbuat.az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunan araşdırmada qəhvənin tərkibindəki polifenolların iltihabı azaltmaq və damarların fəaliyyətini yaxşılaşdırmaqla ürək-damar sisteminə müsbət təsir göstərə biləcəyi qeyd olunub.

Tədqiqatçılar gündə təxminən 5 fincan qəhvə qəbulunun yüksək təzyiq riskini də azalda biləcəyini bildiriblər. Həmçinin bu miqdarın 2-ci tip diabet riskinin təxminən 30% azalması ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Bununla belə, mütəxəssislər yüksək dozada kofeindən uzaq durmağı tövsiyə edirlər. Kaliforniya Universitetinin kardioloqu Qreqori Markusun sözlərinə görə, əksər sağlam yetkinlər üçün gündə 400 mq-a qədər kofein, yəni təxminən 5 fincan qəhvə, təhlükəsiz hesab edilə bilər.

O bildirib ki, xüsusilə enerji içkilərində olan yüksək miqdarda kofein ürək döyüntüsünün pozulmasına və qan təzyiqinin kəskin yüksəlməsinə səbəb ola bilər.

Araşdırmada qəhvəyə çox miqdarda şəkər, şərbət, süd və ya qaymaq əlavə edilməsinin potensial faydaları azalda biləcəyi də vurğulanıb. Kofeinə həssaslığın isə insandan insana dəyişdiyi qeyd edilib.